Rumıniyanın səfiri: “Azərbaycan Rumıniya üçün strateji tərəfdaşdır”

Rumıniyanın səfiri: “Azərbaycan Rumıniya üçün strateji tərəfdaşdır”
# 01 dekabr 2015 17:33 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bakıda Rumıniyanın Milli Günü münasibətilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristianu Ciobanu, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, siyasətçilər, deputatlar, ictimai xadimlər, xarici ölkələrin Azərbaycana akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

Tədbir Rumıniyanın paytaxtı Buxarestdəki “Kollektiv” klubunda, habelə, Fransa, Livan, Malidə baş verən terror hücumları nəticəsində həyatlarını itirən insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Beynəlxalq həmrəyliyin müasir dövrdə müxtəlif çağırışlarla qarşı-qarşıya qaldığını deyən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristianu Ciobanu Rumıniya diplomatiyasının böhranlı vəziyyətlərdən çıxış yolu tapılması üçün bütün imkanları səfərbər etdiyini bildirib.

Diplomat 1918-ci ildə baş verən tarixi hadisənin - Böyük Birliyin rumıniyalılar tərəfindən bütün dünyada qeyd edildiyini diqqətə çatdırıb.

“Rumıniya və Azərbaycan arasında münasibətlər əla səviyyədədir. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. Azərbaycan Rumıniya üçün strateji tərəfdaşdır və ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq güclü şəkildə inkişaf edir. Rumıniya Azərbaycanla mühüm layihələri - Azərbaycan investisiyalarını Rumıniyaya cəlb etməklə, AGRİ layihəsini inkişaf etdirməklə iqtisadi münasibətləri daha da dərinləşdirməkdə maraqlıdır”, deyə səfir vurğulayıb.

Diplomat bildirib ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Rumıniyadan Azərbaycana ixracı 2014-cü ildə ən yüksək səviyyəyə çatıb: “2015-ci ilin 10 ayı üçün rəqəmlər də kifayət qədər müsbətdir.”

D. K. Ciobanu rəsmi Buxarestin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığını dəstəklədiyini də vurğulayıb.

“Artıq 4-cü dəfədir NATO-nun Azərbaycandakı rezident əlaqələndiricisi olan Rumıniyanın Azərbaycandakı səfirliyi Azərbaycanda NATO dəyər və prinsiplərinin irəli sürülməsinə diqqət göstərir”, deyə diplomat əlavə edib.

Daha sonra çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Azərbaycan və Rumıniya arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərinin mövcud olduğunu deyib.

Müstəqillik dövründə münasibətlərin yeni mərhələyə yüksəldiyini bildirən nazir gələcəkdə əməkdaşlığın perspektivlərinin daha da artacağına ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR