Aydın Əliyev: “Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə milli prioritet məsələdir”

Aydın Əliyev: “Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə milli prioritet məsələdir”
# 15 aprel 2016 17:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının “Konteynerlərə Nəzarət Proqramının illik hesabatı 2015” birgə nəşrində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevlə müsahibə dərc olunub.

DGK-nın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, müsahibədə DGK ilə BMT-nin Narkotiklər və Cinayət­karlıq üzrə İdarəsi arasındakı əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını və bu əməkdaşlığın Azərbaycan üçün çox əhəmiyyətli olduğunu vurğulayan A. Əliyev qeyd edib ki, Konteynerlərə Nəzarət Proqramı çərçivəsində seminarın təşkilindən tutmuş gömrük məntəqələrinə təlim səfərləri və avadanlıqla təchizata qədər mühüm işlər görülüb.

Nəzərə çatdırılıb ki, Azərbaycan gömrük xidməti BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Mərkəzi Asi­ya Regional İdarəsi ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan tərəfi narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə müxtəlif üsullardan istifadə edib ki, bu sırada yüksək riskli malların profilləşdirilməsi, kinoloji xidmət, müxtəlif texniki vasitələr və araşdırma üsulları xüsusilə qeyd olunmalıdır.

Azərbaycan hökuməti Konteynerlərə Nəzarət Proqramının əhəmiyyətini nəzərə alaraq onu təqdir edib və bu proqramın milli gömrük qanunvericiliyinə uyğun olaraq tətbiq edilməsi üzrə DGK-nı milli məsul orqan təyin edib. DGK daim BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (Mərkəzi Asiya Regional İdarəsi də daxil olmaqla) dəstəyini hiss edib, vacib alətlər və avadanlıqlar DGK-ya verilib. Qanunsuz dövriyyə ilə mübarizədə mühüm olan təhlükəli materiallar və digər qanunsuz malların sürətli müəyyənləşdirilməsinə yardım etmək məq­sədilə bir çox sahələrdə ixtisaslaşdırılmış təlimlər təşkil olunub. Əlavə olaraq, peşəkarlığı, biliyi, bacarığı artırmaq və yüksələn əməkdaşlığı əlaqələndirmək məqsədilə Vyana, Panama, Rotterdam, Aşqabad, Almatı və Poti limanına təlim səfərləri təşkil edilib, həmçinin Azərbaycanın Bakı və Astara şəhərlərində müxtəlif təlim kursları keçirilib.

A. Əliyev vurğulayıb ki, Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə milli prioritet məsələdir. Avropa və Asiyanın kəsişməsində yerləşən ölkəmizin coğrafi mövqeyi və əlverişli nəqliyyat əlaqələri bu vəzifəni zəruri edir. Narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə 2013-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı DGK tərəfindən uğurla həyata keçirilir. Gələcək illərdə beynəlxalq təşkilatlarla, digər ölkələrin müvafiq dövlət qurumları, o cümlədən Azərbaycanda bu sahədə fəal olan dövlət orqanları və təşkilatları ilə əməkdaşlığı gücləndirmək üçün planlaşdırılmış prioritetlər Azərbaycan gömrük xidmətinin məlumat mübadiləsini və gömrük əməkdaşlarının peşəkarlığını artıracaq, eləcə də gömrük orqanları üçün potensialın gücləndirilməsi üzrə daha çox tədbirləri qarşıya məqsəd qoyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR