Türkiyəli təhlilçi: “Cenevrə müzakirələrinin uzanması Rusiyaya sərf edir”

Türkiyəli təhlilçi: “Cenevrə müzakirələrinin uzanması Rusiyaya sərf edir”
# 09 fevral 2016 14:37 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. “Hazırda Cenevrə müzakirələrindən nəsə gözləmək lazım deyil”.

Bu sözləri APA-ya açıqlamasında Orta Şərq məsələləri üzrə Türkiyənin tanınmış təhlilçisi, “Radikal” qəzeti beynəlxalq məsələlər şöbəsinin müdiri Fəhim Taştəkin deyib.

F. Taştəkin Rusiya və Suriya ordusunun Hələblə Türkiyənin bağlantısını kəsməsindən sonra Türkiyənin müxalif qüvvələrə dəstəyinin mümkün olmadığına diqqəti cəlb edib: “Cenevrədə əvvəlki müzakirələrdə də müxaliflər özlərini göstərə bilməmişdilər, Hələbə gedən yolun kəsilməsindən sonra onlar daha ağır vəziyyətə düşdülər. İndi “müxalifət” deyəndə təbii şəkildə “hansı müxalifət” sualı meydana çıxır. Növbəti hədəf onların İdlibdə mühasirəyə alınmasıdır ki, ondan sonrakı mərhələdə Suriyada sadəcə, İŞİD və “Əl-Qaidə”dən ayrılmış “Nüsra”nın varlığından söhbət gedəcək. O qrupların isə Cenevrədə və ya başqa danışıqlarda masa arxasına oturması mümkün deyil. Türkiyə danışıqlarda kürdlərin olmasını istəməsə də, bunun Qərb ölkələri tərəfindən nə dərəcədə qəbul edildiyi də hələ ki, mübhəmdir”.

F. Taştəkin indiki mərhələdə BMT-nin və Qərb ölkələrinin bölgədəki terrorçu təşkilatların siyahısını hazırlayaraq müştərək mübarizə cəbhəsi yaratmasının vacibliyini vurğulayıb. O, Cenevrə müzakirələrinin vaxtının uzanmasının Rusiyanın işinə yaradığını söyləyib: “Bölgəyə müdaxilə edən Rusiya orada vəziyyəti öz xeyrinə dəyişdirə bildi. Diplomatiya və siyasət masası arxasında güc birbaşa döyüş meydanından gəlir. Döyüş meydanında isə Rusiyanın önəmli dərəcədə uğur qazandığı açıq-aşkardır, ona görə diplomatiya masası arxasında da Rusiya müəyyən üstünlüyə malikdir və öz şərtlərini diktə edə biləcək”.

Yaranmış vəziyyətdə Səudiyyə Ərəbistanı və Qatar dəstəkli hərbi koalisiyanın Türkiyə üzərindən Suriyaya müdaxiləsindən də danışıldığını xatırladan şərhçi, Suriya torpaqlarında Rusiyanın varlığını nəzərə almadan bunun ağır nəticələr doğura biləcəyinə diqqəti cəlb edib və Türkiyəni bu düşüncədən uzaq durmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR