Bakıdakı bəzi valyutadəyişmə məntəqələri Mərkəzi Bankın tələbini pozur

Bakıdakı bəzi valyutadəyişmə məntəqələri Mərkəzi Bankın tələbini pozur
# 21 dekabr 2015 11:32 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakının Nəsimi rayonu, Səməd Vurğun bağının ətrafında yerləşən valyutadəyişmə məntəqələri valyutanın alqı-satqısı prosesində Mərkəzi Bankın tələbini pozur.

APA-Economics”in araşdırmasına görə, söhbət “Atrabank”, “United Credit Bank”, “Zaminbank” və digər banklara məxsus valyutadəyişmə məntəqələrindən gedir.

Xatırladaq ki, bu gün Mərəzi Bankın açıqladığı rəsmi məzənnələrə əsasən, ABŞ dollarının manata qarşı məzənnəsi 1,55 manat səviyyəsində formalaşıb. Belə olduğu halda dolların alıqı-satqısı +/- 2%, yəni dolların alışı 1,52 manat, satışı 1,58 manat ətrafında olmalıdır. 1 avronun alışı 1,65 manat, satışı 1,72 manat civarında aparılmalıdır.

Fotolardan da aydın görünür ki, yuxarıda adları qeyd olunan valyutadəyişmə məntəqələri Mərkəzi Bankın bu tələbini pozur. Məsələn, “Zaminbank”ın valyutadəyişmə məntəqəsi 1 ABŞ dollarını 1,52 manata almalı olduğu halda, əməliyyatı 1,50 manatdan aparır, 1 avronu 1,65 manatdan almalı olduğu halda, Avropanın vahid valyutasını 1,575 manatdan alır.

“United Kredit Bank”da da eyni vəziyyət hökm sürür. Yəni, bu bank da tələblərə əməl etməyərək 1 ABŞ dollarını 1,50 manata, 1 avronu isə 1,64 manata alır. Halbuki, 1 ABŞ dolları 1,52 manata, 1 avro isə 1,65 manata alınmalıdır.

Qeyd edək ki, hazırda valyutadəyişmə məntəqələrinin qarşısında izdiham yaşanmır. Valyutadəyişmə məntəqələrində çalışanlar bildirir ki, xarici valyuta satışı əvvəlki günlərin səviyyəsindədir.

Qeyd edək ki, Mərkəzi Bankın tələbinə əsasən valyutanın alış-satış məzənnəsi rəsmi məzənnədən maksimum 2% yuxarı və yaxud aşağı ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR