Robert Prosineçki Türkiyə klubu ilə anlaşıb

Robert Prosineçki Türkiyə klubu ilə anlaşıb
# 29 dekabr 2019 22:41 (UTC +04:00)

Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Super Liqanın 17 turundan sonra 10 xalla sonuncu – 18-ci pillədə qərarlaşan Kayseri təmsilçisi Robert Prosineçki ilə anlaşıb.

Azərbaycan millisinin sabiq baş məşqçisi Super Liqa klubunun mövsümdəki 4-cü çalışdırıcısı olacaq. Çempionata Hikmet Karamanla başlayan, ardınca Samet Aybaba və Bülent Uygunla yoluna davam edən atusayderi xorvatiyalı zirzəmidən çıxarmalıdır.

2014-17-ci illərdə Azərbaycanda çalışan və geri dönəcəyi gündəmə gətirilən mütəxəssis ölkəmizə deyil, Türkiyəyə qayıtmağa üstünlük verib.

2012/13 və 2013/14 mövsümlərinin gedişində də “Kayserispor”un baş məşqçisi olan R.Prosineçki 6 ildən sonra Türkiyəyə dönüb. Onun köməkçiləri də həmyerliləri Qordon Çipriç və Draqan Spasiç olacaq.

Qeyd edək ki, xorvatiyalının son iş yeri 2018-19-cu illərdə çalışdığı Bosniya və Herseqovina millisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR