Ruslan Bəşirli Ombudsmandan əfv olunması üçün prezidentə müraciət etməyi xahiş edib

Ruslan Bəşirli Ombudsmandan əfv olunması üçün prezidentə müraciət etməyi xahiş edib
# 08 yanvar 2010 16:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Aparatının əməkdaşları Sumqayıt Şəhər Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına (MST), həmin idarənin 1, 2, 3 və 4-cü polis bölmələrinə və Abşeron Rayon Polis Şöbəsinin MST-nə baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməkdaşlar saxlanılanlarla söhbət aparıb, hüquqlarını izah edib, müəssisələrdəki şərait, saxlanılmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar. Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazı olmadıqlarını söyləyiblər.

Aparatın əməkdaşları Ombudsmanın ünvanına daxil olmuş müraciətləri də araşdırıblar. Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə təqsirli bilinərək 4 il 2 ay müddətinə həbs cəzasına məhkum edilmiş Emin Yaqub oğlu Bayramovla görüşüblər. Görüş zamanı məhkum saxlanma şəraitindən şikayətinin olmadığını bildirib, yalnız barəsində aparılmış istintaq və çıxarılmış məhkəmə qərarından narazılığını ifadə edib. E. Bayramova hərtərəfli hüquqi məsləhətlər verilib, ona apellyasiya şikayəti verilməsi qaydası izah olunub.

Ombudsmanın nümayəndələri həmin müəssisədə cəza çəkən Ruslan Bəşirli ilə də görüşüblər. O, saxlanma şəraitindən şikayətlənməyib, əfvi ilə bağlı vəsatət qaldırmağı və prezidentə müraciət etməyi Ombudsmandan xahiş edib.

Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tövsiyələr verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR