Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda yenicə fəaliyyətə başlayan «Şahdağ» qış-yay turizm kompleksi ziyarətçilərin sayına görə rekord vurub. «APA-Economics»in məlumatına görə, buye mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib.
Onun sözlərinə görə, Qusar rayonunda yerləşən kompleksin fəaliyyətə başlamasından keçən 2 ay ərzində kompleksi 50 min nəfərdən çox turist ziyarət edib.
Bunun yaxşı göstərici olduğunu deyən N.Səmədov bildirib ki, hazırda «Şahdağ» ziyarətçilərin sayına görə rekordçudur. Kompleksi ziyarət edənlərin əksəriyyətinin yerli vətəndaşlar olduğunu bildirən nazir müavini qeyd edib ki, hələ kompleks işə düşməzdən əvvəl aparılan marketinq araşdırmaları göstərib ki, kompleksin qonaqlarının 90%-i yerli vətəndaşlar olacaq: «Bu onu göstərir ki, artıq Azərbaycan vətəndaşları qış turizmi üçün İsveçrə, Gürcüstan və Türkiyəyə getməyəcək və lazım olan keyfiyyətli xidməti Azərbaycanda ala biləcəklər».