Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Madriddə (İspaniya) keçiriləcək «FITUR 2013» beynəlxalq turizm sərgisində təmsil olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında nümayəndə heyətinin iştirakı nəzərdə tutulur. Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdir müavini R.Paşayev, turizmin marketinqi və təbliğatı sektorunun müdiri V.Şıxəmmədov, Bakı Turizm İnformasiya Mərkəzinin turizm işi üzrə mütəxəssisi G.Əliyeva və Azərbaycan Dövlət Rəqs Ansamblının 4 üzvü daxildir.
Həmçinin, sərgidə Azərbaycanın «Geo Travel», «Gilan Tourism», «ENC Tours» və «Regea travel» turizm şirkətləri iştirak edəcək. Adıçəkilən sərgidə Azərbaycanın turizm imkanlarını əks etdirən 51 kv. metr sahədə lövhə quraşdırılıb, həmçinin lövhədə «Şahdağ» qış-yay turizm kompleksi və «Bakı» Futbol Klubu üçün yer ayrılıb. Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və ispan dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları hazırlanıb. Həmçinin «Bakı» Futbol Klubunun dəstəyi ilə sərgi günlərindən birində Madrid şəhərini təmsil edən «Atletico» futbol klubunun məşhur futbolçularından bir neçəsinin milli stenddə sərgi ziyarətçiləri üçün özündə «Land of Fire» yazısını əks etdirən futbol formalarının üzərində imza atmalarının təşkili nəzərdə tutulur.