Bakı. Ülkər Qasımova – APA. Azərbaycan sabah Nyu-Yorkda işə başlayan «The New York Times Travel Show 2013» beynəlxalq turizm sərgisində təmsil olunur. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu sərgidə iştirak etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şixəmmədov ABŞ-a ezam olunub.
Həmçinin, sərgidə «AzAL», «SW Travel», «ATA Travel», «Spektr Travel», «AL Travel», «Geo Travel», «Gilan Tourism» və «Regea Travel» şirkətləri təmsil olunacaq. Qeyd olunan beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialının təbliğ olunması məqsədilə 28 kv. metr sahə icarəyə götürülüb, sərgiyə gələn ziyarətçi və iştirakçılara paylamaq üçün ingilis dilində müxtəlif növ reklam çap məhsulları hazırlanıb. Sərgi yanvarın 20-dək davam edəcək.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq ikinci dəfədir «The New York Times Travel Show» sərgisində iştirak edir. Tədbirdə müxtəlif ölkələrdən 600-ya yaxın şirkət təmsil olunacaq.