Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin yanvarın 19-dan etibarən Dubayın «Flydubai» aviaşirkəti Maldiv Respublikasının paytaxtı Male şəhərinə uçuşlara başlayacaq.
Aviaşirkətdən «APA-Economics»ə verilən məlumata görə, uçuşlar həftədə 5 dəfə yerinə yetiriləcək. Bununla da «Flydubai» Hindistan subqitəsinin 6 ölkəsi üzrə uçuş məntəqələrinin sayını 9-a çatdırmış olub.
«Biz Maldiv adalarına uçuşlar həyata keçirəcək ilk qənaətcil aviaşirkət olaraq, bu cənnət məkanına hava yolu açdıq. Yeni istiqamət sərnişinlərimiz, xüsusilə, əlverişli qiymətlərlə dünyanın ən gözəl yerlərindən birində istirahət etmək arzusunda olanlar arasında məşhur olacaq», - deyə aviaşirkətin rəhbəri Qeyt əl Qeyt bildirib.
Dubay-Male-Dubay aviareysinə bir biletin minimal qiyməti 470 ABŞ dolları təşkil edir. Biletin qiymətinə bütün vergi və rüsumlar daxil olmaqla, 20 kq yükün daşınması, çəkisi 7 kq-dək olan əl yükü, bir kiçik çanta və yaxud noutbuk üçün kiçik çanta daxildir.
Qeyd edək ki, Maldiv adaları dünyada zəngin tarixi, ekzotik mətbəxi, dəbdəbəli istirahət zonaları ilə tanınır. Eyni zamanda burada su idman növləri, xüsusən, dayvinqlə məşğul olmaq üçün geniş imkanlar mövcuddur. Ümumiyyətlə, Maldiv adaları dünyanın ən populyar turizm istiqamətlərindən biridir. Ümumi sahəsi 90 min kv. km təşkil edən ölkə 1 190 mərcan adalarından ibarətdir.