Bakı. Əli Əhmədov – APA-Economics. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda lisenziyası olmayan mehmanxanalara qarşı birgə mübarizə aparmaq üçün Vergilər və İqtisadi İnkişaf nazirliklərinə müraciət edib. «APA-Economics»in məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib.
Onun sözlərinə görə, bəzi hotellər və turizm obyektləri lazımi icazələr olmadan fəaliyyət göstərir: «İndi özünü «4-ulduzlu» və ya «5-ulduzlu» adlandıran hotellər var, halbuki onların bununla bağlı lisenziyası yoxdur. Bu, istehlakçıların hüquqlarının pozulmasıdır və Nazirlik belə obyektlərin bəzilərini məhkəməyə verib».
N.Səmədov bildirib ki, hazırda Nazirlik turizm xidmətlərinin göstərilməsi üçün lisenziyanın verilməsi ilə bağlı 15 hotelin müraciətinə baxır.
Qeyd edək ki, hazırda Azərbaycanda 514 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir, bunlardan yalnız 260-ı zəruri lisenziya əldə edib.