Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Böyük Britaniyanın «TMI Consultancy» və Azərbaycanın «TTM Consultancy» şirkətlərinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən turizm şirkətləri üçün «B2B Luxury & MICE Workshop» tədbiri (işgüzar görüş) keçirilib.
«APA-Economics»in məlumatına görə, vorkşop zamanı Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və xarici milli və regional turizm ofisləri, həmçinin qəbul edən şirkətləri (DMC) və «luxury» seqmentinə aid olan 5 ulduzlu hotelləri təmsil edən nümayəndələr arasında B2B formatında görüşlər keçirilib.
«TMI Consultancy» şirkətinin direktoru xanım Helen Loyd (Helene Lloyd) «APA-Economics»ə açıqlamasında bildirib ki, bu tədbir Bakıda ikinci dəfədir keçirilir və hazırkı tədbirdə 30-a yaxın əcnəbi turizm şirkəti, hotel və autlet mərkəzlərini təmsil edən nümayəndələr və Azərbaycanda fəaliyyət göstərən 60-a yaxın turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.
H.Loyd onu da əlavə edib ki, birinci vorkşopdan sonra Azərbaycandan İtaliya, Yunanıstan, İspaniya, Fransa, Böyük Britaniya və İsveçrə kimi ölkələrə turistlərin sayı artıb: «Ümid edirəm ki, bugünkü vorkşopdan sonra Azərbaycandan Avropa ölkələrinə gələn turistlərin sayı bir qədər də artacaq».