Bank Of Baku

Bu il Azərbaycanda I Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək

Bu il Azərbaycanda I Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək
# 25 fevral 2013 14:24 (UTC +04:00)

 

Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2013-cü ilin payızında Bakıda I Beynəlxalq Turizm Filmləri Festivalının keçirilməsi nəzərdə tutulub.

 

APA-nın məlumatına görə, bu gün “Nizami” Kino Mərkəzində sözügedən festivalla bağlı yaradılan saytın təqdimatı keçirilib.

 

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirib ki, festivalın keçirilməsində məqsəd turizmin müxtəlif aspektlərinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verəcək filmləri təbliğ etmək, daha uğurlu filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir. O bildirib ki, festival eyni zamanda dünyada beynəlxalq tarixi və mədəni irsin mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub: “Biz festival üçün nəzərdə tutulan filmləri açıq hava altında nümayiş etdirmək fikrindəyik. Düşünürük ki, bu hal insanları festivala daha da yaxınlaşdıracaq. Festivala qatılmaq istəyən hər bir ölkə saytda müəyyən olunmuş yerdə qeydiyyatdan keçə və bu festivalda iştirak edə biləcək”.


Tədbirdə Turizm Film Festivalları Beynəlxalq Komitəsinin direktoru Aleksandr Kammelin də iştirak edib. O bildirib ki, Azərbaycanın bu sahəyə qoşulması təqdirəlayiq bir haldır və bu onu sevindirir.

 

Festival barədə ətraflı məlumat verən “Azanfilm”in direktoru Fariz Əhmədov bildirib ki, festivalın rəsmi dilləri Azərbaycan, ingilis və rus dilləridir. Müsabiqə proqramında iştirak edəcək filmlərlə bağlı heç bir vaxt məhdudiyyəti yoxdur. Ərizələrin verilməsi üçün ödəniş tələb olunmur. Filmlər kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR