Bakı – APA. Fevralın 18-də Əl-Küveyt şəhərində akkreditə olunmuş Azərbaycan və Ukrayna səfirliklərinin təşəbbüsü ilə turizm şirkətləri və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təqdimat mərasimi keçirilib. Azərbaycanın Küveytdəki səfirliyindən APA-ya verilən xəbərə görə, təqdimat mərasimində Azərbaycanın və Ukraynanın turizm potensialı, tarixi, mədəniyyəti, iqtisadiyyatı, memarlıq abidələri, mətbəxi, qonaqpərvərliyi haqqında ətraflı məlumat verilib.
Mərasimdə əsas məqsəd Küveytdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri və turizm şirkətləri vasitəsilə Azərbaycan və Ukraynaya daha çox küveytli turistlərin cəlb edilməsi idi. Tədbirdə Azərbaycanın Küveytdəki səfiri T. Rzayev və Ukraynanın səfiri Vladimir Tolkaç çıxış ediblər. Daha sonra Azərbaycanı təqdim və təbliğ edən “Welcome to Azerbaijan” adlı 6 dəqiqəlik videoçarx nümayiş etdirilib. Hər iki ölkə səfirliklərinin konsulları Azərbaycan və Ukraynaya getmək istəyən turistlər üçün viza rəsmiləşdirilməsi qaydaları barədə sualları cavablandırıblar.
Tədbir zamanı iştirakçılar arasında lotereya oyunu keçirilib və qaliblərə “FlyDubai” və “Türk Hava Yolları” şirkətlərinin Bakıya və Kiyevə ödənişsiz bileti və Bakıdakı “Sheraton”, Kiyevdəki “İntercontinental” otellərinin vauçerləri təqdim olunub.
Azərbaycan və Ukrayna səfirliklərinin təşkil etdikləri bu tədbir Küveyt mətbuatı tərəfindən geniş işıqlandırılıb.