Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan və Ukraynanın Krım Muxtar Respublikası turizm sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda işə başlayan XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi («AITF-2013») çərçivəsində Krım kurortları naziri Aleksandr Liyev Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev ilə görüşündə bildirib.
Görüş zamanı tərəflər arasında mövcud əlaqələr və əməkdaşlıq, bu əməkdaşlığın yaxın gələcəkdə inkişaf etdirilməsi perspektivləri və imkanları müzakirə olunub.
A.Liyev qeyd edib ki, Krım kurortlarında 560 sanatoriya fəaliyyət göstərir və bu, Qara dəniz regionunda ən böyük kurort hesab olunur: «Ötən il ərzində Azərbaycandan Krıma 20 min turist gəlib ki, onların təxminən 70%-nin səfəri səhiyyə ilə bağlı olub».
A.Liyev həmçinin reversiv turizmin, yəni Krımdan Azərbaycana turist axınının təşkilini təklif edib və bildirib ki, Krım-Tatar İcmasına 400 min nəfər daxildir: «Biz Azərbaycanın «SilkWay Travel» şirkəti ilə onların Naftalan regionuna gəlməsinin təşkili istiqamətində danışıqlar aparırıq. Belə ki, Naftalanda olan müalicəvi vannalar Krım kurortlarında mövcud deyil».