Bakı. Nicat Mustafayev – APA-Economics. BMT-nin Ümumdünya Turizm Təşkilatı (UNWTO) vətəndaşları xaricdə istirahət zamanı ən çox pul xərcləyən ölkələrin siyahısını tərtib edib.
«APA-Economics»in məlumatına görə, reytinqdə beynəlxalq turizm sektorunun aparıcı 15 ölkəsi yer alıb ki, bu ölkələrin dünya turizmində məcmu payı 58,4% təşkil edir. Siyahının birinci yerində Çin qərarlaşıb. Belə ki, çinlilər ötən il ərzində xaricdə istirahət edərkən 102 mlrd. ABŞ dolları xərcləyib. Reytinqdə ikinci yerdə Almaniya qərarlaşıb – almanlar il ərzində 83,8 mlrd. dollar xərcləyib. Siyahının üçüncü yerində qərarlaşan ABŞ-ın əhalisi isə il ərzində xaricdə istirahətə 83,7 mlrd. dollar sərf edib.
Reytinqin ilk beşliyini Böyük Britaniya (52,3 mlrd. dollar) və Rusiya (42,8 mlrd. dollar) tamamlayır.
Reytinqin ilk onluğunda Fransa (38,1 mlrd. dollar), Kanada (35,2 mlrd. dollar), Yaponiya (28,1 mlrd. dollar), Avstraliya (27,6 mlrd. dollar) və İtaliya (26,2 mlrd. dollar) da yer alıb.
Siyahını Sinqapur (22,4 mlrd. dollar), Braziliya (22,2 mlrd. dollar), Belçika (21,7 mlrd. dollar), Honkonq (20,5 mlrd. dollar) və Niderland (20,2 mlrd. dollar) tamamlayır.