Patent müvəkkillərinin fəaliyyətinin tənzimlənməsi qaydası dəyişib

Patent müvəkkillərinin fəaliyyətinin tənzimlənməsi qaydası dəyişib
# 26 may 2016 22:49 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Patent müvəkkilləri haqqında Əsasnamə”də dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik patent müvəkkilinin attestasiyası və qeydiyyata alınması ilə bağlıdır.

İndiyə qədər müəyyən edilmiş tələblərə uyğun sənədləri təqdim edən fiziki şəxsə attestasiyanın tarixi barədə bildiriş göndərilib və o, attestasiya komissiyası qarşısında attestasiyadan keçib. Attestasiya komissiyasının tərkibi və aparılma qaydası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilib. Müəyyən edilən sənədlərdən hər hansı birini təqdim etməyən şəxs attestasiyaya buraxılmayıb. Dəyişikliyə əsasən isə bundan sonra attestasiyanın aparılması üçün ən azı 5 nəfərdən ibarət Attestasiya komissiyası təşkil olunacaq. Namizəd tərəfindən təqdim edilmiş sənədlər Attestasiya komissiyası tərəfindən qeydiyyata alınacaq. Sənədlər bu Əsasnamənin tələblərinə uyğun olmadıqda, namizədə 5 iş günü müddətində bildiriş göndəriləcək. Namizəd bildirişi aldığı tarixdən 10 gün müddətində bildirişə cavabı və ya tələb olunan zəruri sənədləri Attestasiya komissiyasına təqdim etməlidir. Bildirişlə tələb olunan cavabı və ya sənədləri göstərilən müddətdə Attestasiya komissiyasına təqdim etməyən namizəd attestasiyaya buraxılmayacaq. Sənədlər bu Əsasnamənin tələblərinə uyğun olduğu halda namizədə 5 iş günü müddətində attestasiyaya buraxılması, attestasiyanın keçirilmə vaxtı və yeri barədə bildiriş göndərilir və ən geci 3 ay müddətində namizədin attestasiyası həyata keçiriləcək. Attestasiya və səsvermə nəticəsində namizədin patent müvəkkili kimi attestasiyadan keçməsi və ya keçməməsi haqqında qərar qəbul olunur. Səsvermənin nəticələrinə dair qərar Attestasiya komissiyası üzvlərinin səs çoxluğu ilə qəbul ediləcək. Attestasiyanın nəticələrinə dair qərar bir nüsxədə tərtib edilən, Attestasiya komissiyasının sədri və Attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan attestasiya vərəqinə yazılacaq. Attestasiyanın nəticələri səsvermədən sonra dərhal attestasiyadan keçən şəxsə bildiriləcək. Şəxs il ərzində yalnız bir dəfə attestasiyadan keçmək üçün müraciət edə bilər.

Attestasiyadan keçən fiziki şəxs, attestasiya komissiyasının qərarına əsasən, qərarın verildiyi tarixdən bir ay ərzində patent müvəkkili kimi patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınır və müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra ona şəhadətnamə verilir. Dəyişikliyə əsasən şəhadətnamə müddətsiz veriləcək. Patent müvəkkilinə olan tələblər patent müvəkkili tərəfindən yerinə yetirilmədikdə və bu sahədə yaranan ziddiyyətlərlə bağlı dövlət orqanlarından, fiziki və hüquqi şəxslərdən Apelyasiya şurasına etiraz və şikayətlər daxil olduqda və şikayətdə göstərilən hal Apelyasiya şurasının qərarı ilə təsdiq edildiyi halda, həmin qərardan qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəməyə şikayət verilmədikdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Apelyasiya şurasının qərarının ləğv edilməsi barədə şikayət təmin olunmadıqda, patent müvəkkili patent müvəkkillərinin dövlət reyestrindən çıxarılacaq.

Patent müvəkkillərinin dövlət reyestrindən çıxarılmış şəxs 1 il müddətində növbəti attestasiyalarda iştirak edə bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR