Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələr keçirilib
# 30 may 2018 15:14 (UTC +04:00)

Azərbaycan və Belçika xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Belçika tərəfindən isə Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə baş direktoru Anik Van Kalster rəhbərlik edib.

X. Xələfov siyasi münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirib və Belçika ilə bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını deyib. İqtisadi sahədə əməkdaşlıq münasibətlərinin inkişafı üçün geniş potensialın olduğunu bildirən nazir müavini Belçika şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirak etdiyini, lakin ölkələr arasında ticarət dövriyyəsinin iki ölkənin potensialına uyğun olmadığını və mövcud imkanlardan tam istifadə edilməsinin zəruriliyini söyləyib.


X. Xələfov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və infrastruktur layihələri haqqında ətraflı məlumat verərək Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Asiya ölkələrinin Avropa bazarlarına çıxması, eləcə də sözügedən regionda insanlararası təmasın daha da artması üçün əlverişli imkanlar yaratdığını nəzərə çatdırıb. 28 May tarixində Azərbaycanın dövlət müstəqilliyinin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğunu vurğulayan diplomat Azərbaycanın demokratik ənənələrə sadiq olduğunu və bu yolla uğurla inkişaf etdiyini deyib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz etdiyini, ölkə ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu söyləyən nazir müavini münaqişənin regionda sülhə, sabitliyə və hərtərəfli inkişafa başlıca təhdid olaraq qalmaqda davam etdiyini, Azərbaycanın işğal faktoru ilə heç zaman barışmayacağını və ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin ədalətli həlli istiqamətində səylərini artıracağına ümidvar olduğunu bildirib. O, beynəlxalq hüququn təməl prinsiplərinin, xüsusilə zor işlətməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini diqqətə çatdırıb. X. Xələfov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Belçika tərəfinə təşəkkürünü ifadə edib.

Azərbaycanın dövlət müstəqilliyinin 100 illik yubileyi münasibətilə səmimi təbriklərini çatdıran belçikalı diplomat Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsini mütərəqqi bir tarixi hadisə kimi qiymətləndirib. İki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayan A. V. Kalster Belçika və Azərbaycan arasındakı münasibətlərin cari səviyyəsinə yüksək qiymət verib. Ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq etdiyini və bir sıra mübadilə proqramlarının həyata keçirdiyini vurğulayan belçikalı diplomat enerji sahəsində Azərbaycanın Avropa İttifaqının, xüsusilə Belçikanın strateji tərəfdaşı olduğunu və ARDNŞ ilə Belçika şirkətlərinin bu sahədə səmərəli əməkdaşlıq həyata keçirdiyini xüsusilə vurğulayıb.

A. V. Kalster ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməz olduğunu söyləyərək, münaqişənin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsi və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edib.

Görüşdə iki ölkə arasında humanitar, kənd təsərrüfatı, bərpa olunan enerji, turizm və digər sahələrdə əməkdaşlıq sahələrinə maraq ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR