Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılıb

Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılıb
# 02 noyabr 2015 15:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla İranın Dəmir Yolları İdarə Heyətinin üzvü Abbas Haj Fathaliha arasında görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə C. Qurbanov çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

C. Qurbanov sonra bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir: “Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək”.

Görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, ilk mərhələdə Astaraçay üzərində olan körpünün layihələndirilməsinin təkmilləşdirilməsi, Rəşt-Astara xətinin maliyyə mənbələrinin təyin edilməsi və digər texniki məsələlər müzakirə olunub.

A. Fathaliha bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR