Azərbaycan tələbə könüllülərin birinci forumu keçirilib - YENİLƏNİB

Azərbaycan tələbə könüllülərin birinci forumu keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 14 dekabr 2015 13:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan tələbə könüllülərin birinci forumu keçirilib.

APA-nın xəbərinə görə, forum könüllük hərəkatının inkişafı, bu sahədə cəmiyyətin maarifləndirilməsi və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması məqsədilə təşkil olunub.

Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən forumda Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, ali məktəblərin rektorları, eləcə də 16 universitetdən 400-ə yaxın tələbə iştirak edib.

Forumda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, tələbə könüllülərin yüksək səviyyəli fəaliyyəti onların gələcək karyera imkanları qazanmasında, vətəndaş məsuliyyətinin formalaşmasında öz sözünü deyəcək: “Gələn ilin iyununda Bakıda keçiriləcək “Formula 1” üzrə Avropa Qran-pri yarışlarında da azərbaycanlı tələbələrin xüsusi rolu olacaq. Qeyd edim ki, bu il Bakıda keçirilən I Avropa Oyunlarına Təhsil Nazirliyinin tabeliyində olan qurumlardan 10 mindən artıq könüllü cəlb olunub. Gələcəyimiz gənclərin əlindədir”.

Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu gün Azərbaycan dövləti üçün gənclər siyasəti ən prioritet sahədir: “Bu gün Azərbaycan gəncləri vətəni qoruyur, eyni zamanda ölkəmizi beynəlxalq idman və elm yarışlarında təmsil edirlər. Artıq ölkəmizdə könüllülük hərəkəti geniş vüsət alıb. Avropa Oyunları Azərbaycanın necə tolerant bir ölkə olduğunu dünyaya göstərdi”.

A. Rəhimov əlavə edib ki, Azərbaycanda könüllülərə könüllülük pasportu veriləcək.

Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə çıxışında bildirib ki, bu gün Azərbaycan gəncləri azad, demokratik və müstəqil bir dövlətdə yaşayır: “Siz xoşbəxt gənclərsiniz. Siz müstəqil ölkədə anadan olmusunuz və hazırda azad, demokratik Azərbaycanın vətəndaşlarısınız. Siz bambaşqa insanlarsınız. Azərbaycanın müstəqilliyinə qarşı atılan ilk addımlar Qarabağ münaqişəsi ilə başladı. Elə bir azərbaycanlı yoxdur ki, onun qəlbində Qarabağ yaşamasın. Mən inanıram ki, siz Şuşaya gedəcəksiniz və belə forumlar Şuşada təşkil olunacaq”.

Çıxışlardan sonra “BİR” Tələbə- Könüllü Proqramının təqdimatı olub. Bildirilib ki, proqram pilot layihə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən 10 ali təhsil müəssisəsini əhatə edir. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə cəlb olunacaq, onlara “Əsl tələbə həyatı” modelinə uyğun 6 müxtəlif istiqaməti özündə birləşdirən layihə təqdim ediləcək.

Daha sonra tələbələr arasında könüllülük fəaliyyətindən bəhs edən “Azərbaycan könüllüləri: “Dünən, bu gün və sabah” videoçarxı təqdim olunub.

Tədbir tələbələr tərəfindən “Tələbə” mahnısının ifası ilə başa çatıb.

*** *** ***

Saat 14.36

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan tələbə könüllülərin birinci forumu keçirilir.

APA-nın məlumatına görə, forum könüllük hərəkatının inkişafı, bu sahədə cəmiyyətin maarifləndirilməsi və tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılması məqsədi ilə təşkil olunub.


Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən forumda Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri, ali məktəblərin rektorları iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR