Rusiya-Azərbaycan ali təhsil müəssisələri assosiasiyası yaradılacaq

Rusiya-Azərbaycan ali təhsil müəssisələri assosiasiyası yaradılacaq
# 02 noyabr 2015 15:57 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Moskvada Rusiya təhsil naziri Dmitri Livanovla Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov arasında görüş keçirilib.

Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə rusiyalı nazir azərbaycanlı həmkarına Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına verilən dəstəyə və Seçenov adına Birinci Moskva Tibb Universitetinin filialının açılmasına görə təşəkkürünü bildirib.


D. Livanov təhsil sahəsinin Azərbaycanla Rusiya arasında qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri olduğunu söyləyib.

Nazirlər Azərbaycan vətəndaşlarının Rusiya Federasiyası tərəfindən təqdim olunan kvota çərçivəsində Rusiya ali təhsil müəssisələrində təhsil alması məsələsini də müzakirə ediblər. Qeyd edilib ki, 2015-2016-cı təhsil ilində kvota çərçivəsində 208 nəfər Azərbaycan vətəndaşı Rusiya ali məktəblərinə qəbul olunub.

D. Livanov bildirib ki, Rusiya Təhsil Nazirliyi Azərbaycan üçün prioritet ixtisaslara kadrların hazırlanmasında ənənəvi olaraq yardım edir.

Görüşdə ölkələrin təhsil təşkilatlarının qarşılıqlı fəaliyyəti nəzərə alınaraq, Rusiya və Azərbaycanın ali təhsil müəssisələri assosiasiyasının yaradılması haqqında razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR