İsa Həbibbəyli: "Şəmsəddin Hacıyevin magistrlərə möhlət hüququ verilməsinin razılaşdırıldığına dair fikirləri mənə aydın deyil"

İsa Həbibbəyli: "Şəmsəddin Hacıyevin magistrlərə möhlət hüququ verilməsinin razılaşdırıldığına dair fikirləri mənə aydın deyil"
# 20 may 2016 11:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Milli Məclisin Elm və Təhsil Komitəsinin keçmiş sədri Şəmsəddin Hacıyevin hansı sənədlərə əsaslanaraq ötən iclasda magistrlərə möhlət hüququn verilməsinin razılaşdırıldığı barədə səsləndirdiyi fikirlər mənə aydın deyil”.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli deyib. Deputat bildirib ki, Elm və Təhsil Komitəsinin sədri kimi fəaliyyətə başladıqdan sonra ona qədər olan yazışmalarda belə bir sənədə-razılaşmaya rast gəlməyib.

“Mən bu fikirdəyəm ki, magistrlərə möhlət hüququnun verilməsi “Elm haqqında” qanunun yox, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun Hərbi səfərbərliklə bağlı müddəalarının predmetidir. 2006-cı ilədək həmin qanunda bu müddəa əksini tapıb. Ancaq 2006-cı ildə ölkənin hərbi-siyasi vəziyyəti nəzərə alınaraq həmin müddəa qanundan çıxarılıb. Bu məsələ yenidən gündəmə gəlirsə, həmin qanuna əlavə kimi təklif olunmalıdır” - deyə İ. Həbibbəyli vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin Elm və Təhsil Komitəsinin keçmiş sədri Şəmsəddin Hacıyev Milli Məclisin ötən plenar iclasda Elm haqqında qanun layihəsinin müzakirəsi zamanı onun fəaliyyəti dövründə magistrlərə möhlət hüququnun verilməsi məsələsinin müvafiq qurumlarla razılaşdırıldığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR