Rüstəm Minnixanov Tatarıstanda keçirilən prezident seçkilərinin qalibi elan olunub

Rüstəm Minnixanov Tatarıstanda keçirilən prezident seçkilərinin qalibi elan olunub
# 14 sentyabr 2015 15:20 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rüstəm Minnixanov Tatarıstanda keçirilən prezident seçkilərinin qalibi elan olunub.

APA-nın Rusiya bürosunun məlumatına görə, Mərkəzi Seçki Komissiyası Tatarıstanda sentyabrın 13-də keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı qərar qəbul edib.

Seçkilərin nəticələrinə görə, R. Minnixanov 94,4 faiz səs toplayaraq 2,3 milyon seçicinin səsini qazanıb.

Rusiya Kommunist Partiyasından namizədliyini irəli sürmüş Hafiz Mirqalimov 62,5 min (2,5 faiz), "Ədalətli Rusiya" partiyasından Ruşan Bilqildeyev 40,9 min (1,6 faiz), Liberal Demokrat Partiyasının namizədi Ruslan Yuspov isə 19,7 min (0,8 faiz) səs toplayıb.

Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, ümumilikdə Tatarıstanda keçirilən seçkilərdə 2,4 milyon seçici iştirak edib. Bu rəqəm regionda ümumi seçicilərin 84,2 faizini təşkil edir.

Qeyd edək ki, sentyabrın 13-ü Rusiya Federasiyasında vahid səsvermə günü olub. Ölkənin 83 subyektində 10,7 mindən çox seçki, yerli referendum və səsvermə keçirilib. Səsvermə siyahılarına 59 milyondan çox seçici daxil edilib. Səsvermə 37,5 mindən artıq seçki məntəqəsində baş tutub.

MSK yalnız Şimali Osetiya və Kabardin-Balkar respublikalarında səsvermənin keçirilmədiyini açıqlayıb. Vahid səsvermənin nəticələrinə görə, böyük səs çoxluğu ilə əksər regionlarda "Vahid Rusiya" partiyasının namizədi qalib gəlib. Sonrakı yerlərdə isə kommunistlər, "Ədalətli Rusiya" və liberal-demokratlar qərarlaşıblar. Vahid səsvermədə sonuncu yeri isə müxalifətdə olan "RPR-PARNAS" partiyası tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR