“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə və yenidənqurma işlərinə yaxın, dost ölkələr reaksiya verib. Bu ölkələrdən biri də Macarıstan olub”.
APA xəbər verir ki, bunu Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir deyib ki, Macarıstan minatəmizləmə işlərinə qrant təqdim edib və həmin ölkənin ən böyük bankı vəsait ayıra biləcəyini açıqlayıb.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfərinin məqsədlərini açıqlayıb.
“Səfərimin məqsədi münasibətləri, işğaldan azad olunmuş ərazilərdə macar şirkətlərinin iştirakını daha gücləndirməkdir. Bu regionda mühəndis-layihə infrastruktur quruculuğu, enerji təchizatı və kənd təsərrüfatı sahəsində işləyə bilərik. Maliyyə cəhətdən hazırıq, “Exim Bank” 100 milyon avro məbləğində güzəştli kredit verməyə hazır olduğunu bildirib. Biz həmçinin enerji təminatını gücləndirmək istəyirik. Gələn ilin sonunda Azərbaycan qazını Macarıstan bazarında görməyə ümid edirik” – macar nazir qeyd edib.