Azərbaycanda yarmarkaların təşkilinə dair prosedur qaydalar müəyyənləşdirilib

Azərbaycanda yarmarkaların təşkilinə dair prosedur qaydalar müəyyənləşdirilib
# 21 oktyabr 2016 02:13 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda yarmarkaların təşkilinə dair prosedur qaydalar müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Qərara əsasən Qaydaya yarmarkaların təşkilinə dair yeni bölmə daxil edilib. Beləliklə, yarmarkalar yerli icra hakimiyyəti orqanları tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq həmin orqan tərəfindən təşkil olunur. Yarmarkaların təşkil edilməsi üzrə tədbirlər planında yarmarkanın keçiriləcəyi ərazinin və tarixin seçilməsi, satış yerlərinin sxeminin hazırlanması, ticarətin təşkili ilə bağlı xidmətlərin göstərilməsi (ərazinin təmizlənməsi (yığışdırılması), baytarlıq-fitosanitar və sanitar-epidemioloji nəzarət tədbirlərinin görülməsi) və digər müddəalar nəzərdə tutulur. Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkaları hər həftənin şənbə və bazar günləri, habelə Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında bayram günləri və digər əlamətdar hadisələrlə bağlı müəyyən edilən günlərdə keçirilir. Mərkəzi icra hakimiyyəti orqanı, hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs yarmarkanın təşkil edilməsi və keçirilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanına müraciət etməlidir. Yerli icra hakimiyyəti orqanı daxil olmuş müraciətə baxaraq, 5 (beş) iş günü müddətində müvafiq qərar qəbul etməlidir. Yerli icra hakimiyyəti orqanları tədbirlər planını yarmarkanın keçiriləcəyi tarixdən ən azı 30 gün əvvəl təsdiq etməlidirlər. Yerli icra hakimiyyəti orqanları sahibkarlıq fəaliyyəti ilə məşğul olan müvafiq hüquqi şəxsləri (özəl biznes strukturlarını) yarmarkaların təşkilinə və keçirilməsinə geniş cəlb etməlidirlər. Yarmarkanın təşkilatçısı müraciət edən mərkəzi icra hakimiyyəti orqanı, hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə birlikdə yarmarkanın təşkil edilməsi və orada məhsul satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə tədbirlər planını hazırlayıb təsdiq etməli, yarmarkanın dislokasiyasını, iş rejimini, satılacaq məhsulların növünü və satış yerlərini müəyyənləşdirməli, kütləvi informasiya vasitələrində və internet saytlarında yarmarkanın keçirilməsi barədə məlumat verməli, satıcıları satış yerləri, ölçmə vasitələri ilə təmin etməli və yarmarkanın keçirilməsi ilə əlaqədar digər xidmətlərin (ərazinin təmizlənməsi (yığışdırılması), baytarlıq-fitosanitar və sanitar-epidemioloji nəzarət tədbirlərinin görülməsi və s.) göstərilməsini təşkil etməlidir. Yarmarkanın ərazisində nəzarət ölçmə vasitələrinin quraşdırılması və satılan məhsulların qiymətləri ilə bağlı məlumat lövhələrinin qoyulması yarmarkanın təşkilatçısı tərəfindən təmin olunmalıdır.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının iştirakçılarından (satıcılardan) iştirakla bağlı heç bir haqq tələb olunmur. Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkili ilə bağlı tələb olunan vəsait Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ərzaq təhlükəsizliyinin təmin edilməsi tədbirləri üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. Yarmarkanın keçirilməsi üçün müraciət edən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, tələb olunan xərclər yarmarkanın təşkilatçısı ilə razılaşdırılmaqla, onun vəsaiti hesabına maliyyələşdirilir. Yarmarkanın keçiriləcəyi ərazi baytarlıq-fitosanitar, sanitar-epidemioloji və ekoloji nəzarət qaydaları və normalarına, yanğından mühafizə qaydalarına uyğun olmalı və əhalinin gediş-gəlişi üçün rahat yerdə olmalıdır. Yarmarkaların mədəniyyət, idman, təhsil və səhiyyə müəssisələrinin, avtovağzal, dəmiryol və dəniz vağzallarının ərazilərində, eləcə də yolun hərəkət istiqamətində və yaşıllıq ərazilərində keçirilməsinə yol verilmir. Yarmarkada satılacaq məhsulların yerləri satış yerlərinin sxeminə uyğun olaraq nömrələnməlidir. Satış yerlərinin sxemi və onların sayı barədə məlumatlar yarmarkada hamının aydın görə biləcəyi yerdə asılmış məlumat lövhəsində əks olunmalıdır.

Yerli icra hakimiyyəti orqanı tərəfindən yarmarkanın keçirilməsi barədə məlumatlar əsasında yarmarkaların reyestri hazırlanır və mütəmadi olaraq yenilənir. Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkilinə və onların fəaliyyətinə ümumi nəzarəti Kənd Təsərrüfatı Nazirliyi, digər məhsullar üzrə təşkil olunan yarmarkalara isə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR