Sabiq prezident: “Bəzi ölkələrdə kilsə Avropa İttifaqının yüksək dəyərlərinə inteqrasiyanı dəstəkləmir”

Sabiq prezident: “Bəzi ölkələrdə kilsə Avropa İttifaqının yüksək dəyərlərinə inteqrasiyanı dəstəkləmir”
# 16 mart 2018 10:21 (UTC +04:00)

VI Qlobal Bakı Forumu çərçivəsində “Balkan regionun indiki və gələcək vəziyyəti: regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi?” adlı panel keçirilib.

APA-nın xəbərinə görə, Bosniya və Herseqovinanın keçmiş baş naziri Zlatko Laqumciyanın moderatorluğu ilə keçirilən paneldə Balkan regionunda təhlükəsizlik və iqtisadi inkişafla bağlı müzakirələr aparılıb.

Moldova prezidenti İqor Dodon bildirib ki, hegemon dövlətlər arasında uzlaşma mümkün olmadıqda, bundan daha çox kiçik dövlətlər əziyyət çəkir: “Balkan ölkələri buna bariz nümunədir. Bu regionda təhlükəsizliyin təmin olunmasında Avropa İttifaqının rolu təqdirəlayiqdir. Düşünürəm ki, münaqişələrin həlli ərazi bütövlüyü, suverenlik prinsipləri əsasında olmalıdır”.

Albaniya prezidenti İlir Meta deyib ki, ölkəsi regionun kiçik dövlətidir: “Yuqoslaviyada baş verənlərə görə Albaniyada qeyri-sabit vəziyyət hökm sürürdü. Düşünürəm ki, vətəndaşlarımızın rifahını artırmaq, regionda daimi sülhün təmin olunması baxımından Avropa İttifaqına üzvlük yeganə çıxış yoludur”.

Albaniyanın keçmiş prezidenti Buyar Nişaninin sözlərinə görə, regiondakı dövlətlərin gələcəyi daha təhlükəsiz olacaq: “Lakin keçmişin qoyduğu pis miras təhlükə olaraq qalmaqdadır. Biz bunları birlikdə aradan qaldırmalıyıq”.

Xorvatiyanın keçmiş prezidenti İvo Yosipoviç qeyd edib ki, NATO-ya üzv olmaq bir vaxtlar çox vacib amil idi: “Bu, rəsmi tələb olmasa da, NATO-ya üzvlük həm də Avropa İttifaqına üzvlüyü şərtləndirirdi. Balkan regionundakı bütün ölkələr iqtisadi cəhətdən inkişaf etməyiblər. Demokratik standartlar aşağıdır, korrupsiya halları, ifrat milliyyətçilik mövcuddur ki, bu da region dövlətlərinin Avropa İttifaqına üzvlüyü qarşısında duran əsas maneələrdir”.

Regiondakı dövlətlərin bir-birləri ilə sərhəd problemlərinin olduğunu diqqətə çatdıran İ. Yosipoviç Balkan ölkələrində güclü milliyyətçiliyin hakim olduğunu vurğulayıb: “Bu isə bizim inkişafımız üçün mənfi haldır. Dini amil də etnik amillərlə üst-üstə düşür. Bəzi ölkələrdə kilsələr Avropa İttifaqının yüksək dəyərlərinə qovuşmağımız üçün bizi dəstəkləmir. Digər tərəfdən, dövlətlərarası sərhəd problemlərinin həlli üçün də yaxşı mexanizmlər mövcud deyil. Serbiya ilə Kosovo arasında ərazi və müstəqilliyin tanınması, habelə Yunanıstan və Makedoniya arasında adla bağlı mübahisələrin də öz həllini tapması mütləqdir”.

Bolqarıstan və Xorvatiyanın hazırda təhlükəli sınaqlardan keçirdiyini söyləyən Bolqarıstanın keçmiş prezidenti Peter Stoyanov bildirib ki, sabitlik olmadığı təqdirdə Balkan dövlətlərinin Avropa İttifaqına inteqrasiyası çətin olacaq. Keçmiş prezident qeyd edib ki, 2025-ci ilə kimi bütün Balkan ölkələrinin Avropa İttifaqına üzv olmaq şansları var.

Panel müzakirələrlə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR