ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson Salyanda yerləşən Amerika Mərkəzində olub.
ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, M. Dikerson mərkəzdə ingilis dilinin təkmilləşdirilməsi və Birləşmiş Ştatlarda təhsil imkanlarının araşdırılması üçün gələn yerli tələbələrlə görüşüb.
ABŞ səfirliyi tərəfindən Azərbaycanın müxtəlif guşələrində yaradılmış Amerika mərkəzləri gənclərə ABŞ-ın mədəniyyəti barədə məlumat verən, ingilis dili və sahibkarlıq sahəsi ilə bağlı təlimlər təqdim edən mərkəz rolunu oynayır. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə fəaliyyət göstərən Amerika mərkəzləri Bakı, Gəncə, Xaçmaz, Salyan və Kürdəmirdə yerləşir. Hər təhsil ili 60 minə yaxın insan Amerika mərkəzlərinə baş çəkir. 2018-ci ildə Salyanda yerləşən Amerika Mərkəzinə 5 mindən çox insan gəlib.
Qeyd edək ki, dünən M. Dikerson Lerik rayonunun Cəngəmiran kənd sakinləri ilə yeni tibb məntəqəsi layihəsinin başa çatmasını qeyd edib. Yeni məntəqə sayəsində Cəngəmiran və qonşu kəndlərin 3600-dən çox sakininin ilkin tibb xidmətlərinə əlçatanlığı yaxşılaşacaq. USAİD-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihəsinin dəstəyi ilə Cəngəmiran sakinləri yerli hakimiyyət orqanları ilə birgə işləyərək köhnə tibb məntəqəsini əvəzləyən və icmanın səhiyyə ehtiyaclarını daha yaxşı ödəyə biləcək yeni tibb məntəqəsi inşa ediblər. Yeni tibb məntəqəsi iki həkim otağı, müayinə otağı və gözləmə dəhlizindən ibarətdir.
M. Dikerson həmçinin əsas məşğuliyyətlərindən biri arıçılıq olan Lerikin Piran kəndində yerli sakinlərlə görüşüb. SEDA layihəsinin dəstəyi ilə Piran icması hazırda bal emalı müəssisəsi inşa edir. Həmin müəssisə bazara çıxarılan yerli balın saxlanması və qablaşdırılmasını yaxşılaşdıracaq. Bu məntəqədən Piran və ətraf 40 kənddən olan 700-ə yaxın arıçı faydalana biləcək.
USAİD-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi Şərq-Qərb İdarəçilik İnstitutu tərəfindən İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq şəklində icra edilir. 2011-ci ildən SEDA icmaları 160 layihə icra ediblər ki, bunların sırasında yerli iqtisadiyyatı dəstəkləyən, tibb məntəqələri, yollar, su və suvarma sistemləri, habelə yerli məktəblərin təmirini nəzərdə tutan layihələr var.