Qardaş Azərbaycan və Qazaxıstan arasında əlaqələr yüksək templə inkişaf edir.
APA xəbər verir ki, bunu Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Qazaxıstan səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda dəyirmi masada çıxışında deyib.
Azərbaycanla Qazaxıstan arasında strateji əməkdaşlığa toxunan səfir qeyd edib ki, ötən ilin avqustunda iki ölkə arasında strateji əməkdaşlığımız ən yüksək səviyyədə bir daha təsdiqlənib: “2006-ci ildə imzalanmış sənədi bir daha təsdiqlədik və daha da gücləndirdik. Digər əhəmiyyətli sənəd isə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri zamanı Prezident Kasım-Jomart Tokayevlə birgə imzaladığı “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatıdır. Digər əhəmiyyətli hadisə kimi Qazaxıstan Baş naziri Alixan Smayilovun Azərbaycana səfərini qeyd etmək olar. Bu səfər zamanı da olduqca əhəmiyyətli sənədlər imzalanıb ki, bunların arasında nəqliyyat - logistika əlaqələrinin genişləndirilməsi üçün əhəmiyyətli razılaşmalar əldə olunub. Bu görüşlər və imzalanan sənədlər şübhəsiz ki ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan verir. Qazaxıstan Prezidenti də Xəzər dənizi vasitəsilə daşınmaların rolunu xüsusilə qeyd edib və deyib ki, Transxəzər marşrutu ilə daşınmaların həcmini 5 dəfəyə qədər artırmaq olar. Göründüyü kimi Azərbaycan və Qazaxıstan qardaş xalqlardır və ölkələrarası münasibətlər, strateji əməkdaşlıq yüksək templə inkişaf edir”.