Bakıda Argentinanın Milli Günü qeyd olunub.
APA xəbər verir ki, mərasimdə Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi çıxış edib.
Argentinalı diplomat Milli Günün onun ölkəsi üçün önəmini vurğulayıb.
O çıxışında Azərbaycan və Argentina arasında toxunaraq deyib ki, bu münasibətlər illər ərzində inkişaf edib və bu il iki ölkə bu münasibətlərin 30-cu il dönümünü qeyd edir.
Diplomat əlavə edib ki, onun ölkəsi Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq etməyə, mövcud əməkdaşlığı genişləndirməyə hazırdır.
Xanım Belluşi çıxışında Azərbaycanın coğrafi mövqeyinin vacibliyinə də diqqət çəkib: "Azərbaycan əlverişli coğrafi mövqeyinə görə qədim zamanlardan müxtəlif xalqlar, mədəniyyətlər, etnik qruplar və dinlərlə təmasda olaraq tolerant bir ölkəyə çevrilib.
Azərbaycan həyatının bu tərəfini mənim ölkəm fəxrlə bölüşür. Argentina dünyanın hər yerindən insanların immiqrasiyası əsasında qurulub və bu gün burada yaşamaq istəyən dünyanın bütün kişi və qadınlarına qarşı dinc birgə yaşam, tolerantlıq və açıqlıq nümunəsidir.
Ölkələrimiz arasında əlaqələr 90-cı illərin əvvəllərində başlayıb, möhkəm və davamlı inkişaf edərək əlaqələrin möhkəmlənməsinə və ikitərəfli ticarətin inkişafının əsasını qoyan çoxlu sayda sazişlərdə öz əksini tapdığını görürük. Bu münasibətdə münaqişə nöqtələri yoxdur, əksinə, ümumi beynəlxalq hüququn bir çox prinsiplərinin tətbiqi ilə bağlı oxşar baxışları saxlayır.
Ticarət sahəsinə gəldikdə, dövriyyə ötən il ilə müqayisədə son bir ildə iki dəfə artıb, 2012-ci ildə Səfirlik açıldıqdan bu günə qədər dövriyyə şaxələnərək isə xammal, emal sənayesi məhsulları, xidmətlər, əczaçılıq məhsulları, texnologiya daxil olmaqla on dəfə artıb.
Şübhəsiz ki, bu iqtisadi və ticarət sahəsində, eləcə də kənd təsərrüfatı-heyvandarlıq sahələrində əməkdaşlıqla bağlı qarşımızda çoxlu imkanlar var."
Tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, builki ölkə arasında diplomatik münasibətlərin 30-cu il dönümü qeyd olunur: "Azərbaycanın Cənubi Amerikada ilk səfirliyi 2010-cu ildə Argentinada təsis olunub. Ölkələrimiz arasında yüksək səviyyəli rəsmi səfərlər olub, görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. İnanırıq ki, belə səfərlər qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verəcək. Kənd təsərrüfatı, yüksək texnologiyalar, bərpa olunan enerji sahəsində əməkdaşlıq istiqamətində böyük potensial var. Argentina şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə dəvət olunub".
Nazir müavini deyib ki, beynəlxalq platformada Azərbaycan və Argentina uğurlu əməkdaşlıq edir, Argentina Azərbaycanın təşəbbüslərinə dəstək verib, dəstəyini əsirgəməyib.
Elnur Məmmədov Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində Argentinaya maliyyə yardımını qeyd edib:
"Qarşıdakı illərdə ölkələrimiz arasında əlaqələrimizin genişlənəcəyinə, şaxələnəcəyinə ümid edirəm".