İrəvanla Bakı arasında anklavlar məsələsi Münhen və Brüssel görüşlərində müzakirə olunub, lakin hələ həllini tapmayıb.
APA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı bildirib.
Paşinyan son mətbuat konfransında səsləndirdiyi tezislərə cəmiyyətin reaksiyasına münasibət bildirərək qeyd edib ki, anklavların de-yure statusu təsdiqlənən kimi problemin həlli üçün bir neçə variant ortaya çıxacaq.
“Siyasi səviyyədə anklavlar mövzusu çoxdan mövcuddur. Məsələn, ərazilərin mübadiləsi ilə bağlı 1999-cu ilə aid sənəd var”, - Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, Azərbaycan ərazisində Ermənistana, Ermənistan ərazisində isə Azərbaycana məxsus anklavlar var.
“Tərəflər bunu siyasi səviyyədə etiraf ediblər. Bununla belə, hüquqi müstəvidə bu anklavların bəziləri ilə bağlı bir sıra suallar mövcuddur. İndi tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyandan sonra anklavlar məsələsi ortaya çıxır, lakin onların statusu de-yure təsdiqlənən kimi problemin həlli üçün bir neçə variant ortaya çıxacaq”, - Ermənistanın hökumət başçısı əlavə edib.