Azərbaycan və Şimali Kipr arasındakı dostluq əlaqələri daha da möhkəmlənir.
APA xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyəti Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu Bakıda keçirilən Şimali Kipr Mədəniyyət Günü münasibətilə təşkil olunmuş mətbuat konfransında deyib.
Fikri Ataoğlu bildirib ki, parlamentlərarası əməkdaşlıq, qarşılıqlı səfərlər və birgə layihələr münasibətlərin daha da dərinləşməsinə töhfə verir.
“Azərbaycan və Şimali Kipr arasında dostluq və qardaşlıq əlaqələri gündən-günə güclənir. Xalqlarımız arasındakı yaxın münasibətlər əməkdaşlığımızın əsasını təşkil edir”, - Baş nazirin müavini vurğulayıb.
O qeyd edib ki, Şimali Kipr rəhbərliyi əlaqələrin inkişafına xüsusi önəm verir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
“Türkiyə ilə birlikdə dost və qardaş ölkələrlə münasibətlərimizin genişlənməsi üçün səylərimizi davam etdiririk. Azərbaycanla əməkdaşlığımızın gələcəkdə daha da inkişaf edəcəyinə inanırıq”, - Baş nazirin müavini əlavə edib.