İtkin şəxslərlə bağlı nəticələrin əldə edilməsi hətta hadisələrdən onilliklər sonra da mümkün ola bilər.
APA xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Mərkəzi İzləmə Agentliyinin (CTA) rəhbəri Cristian Rivier İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.
Cristian Rivier Argentina ilə bağlı nümunəni xüsusi qeyd edib. Onun sözlərinə görə, Malvin adaları ilə bağlı prosesdə beynəlxalq ictimaiyyət və BQXK ilə əməkdaşlıq edilib.
“Malvin adaları məsələsində BQXK beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edib, neytral vasitəçi kimi çıxış edib və məhkəmə-tibbi əməliyyatlar həyata keçirərək 121 argentinalı həlak olmuş hərbçinin kimliyini müəyyənləşdirib”, – deyə BQXK rəsmisi bildirib.
O vurğulayıb ki, bu nümunə itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində uzunmüddətli səylərin nəticə verə biləcəyini göstərir.
Cristian Rivier qeyd edib ki, dövlətlərin və münaqişə tərəflərinin itkin şəxslərlə bağlı öhdəliklərini yerinə yetirməsi etimadın formalaşmasına mühüm töhfə verə bilər.
BQXK rəsmisi həmçinin bildirib ki, itkin şəxslərin ailələrinin yaxınlarının taleyi barədə məlumat almaq hüququ var və bu istiqamətdə aparılan işlər siyasi iradə ilə yanaşı, tibbi, hüquqi və məhkəmə-tibbi imkanların səfərbər edilməsini tələb edir.