“Bizim çox müfəssəl iş çərçivəmiz var. İtkin düşmüş şəxslər probleminin həlli siyasiləşdirilməməlidir, bunun üçün siyasi iradə tələb edilir”.
APA xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda çıxışında BQXK-nın mərkəzi axtarış agentliyinin rəhbəri Florence Anselmo deyib.
O bildirib ki, beynəlxalq humanitar hüquq hərbi münaqişələrdə özündə müxtəlif qaydaları ehtiva edir: “Beynəlxalq humanitar hüquq neytral vasitəçi olaraq məlumatların bir tərəfdən digərinə ötürülməsini təmin edir. Bura ölən şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi də daxildir. Biz burada tez-tez neytral tərəf kimi iştirak edirik. Əfsuslar olsun ki, çoxsaylı ölkələr bu gün itkin düşən şəxslər problemindən əziyyət çəkir. Bu gün Azərbaycanın da itkin düşən şəxslərlə bağlı problemin həllinə qlobal şəkildə töhfəsinə sevinirik. Azərbaycan hökumətinə bu gün belə mühüm tədbir təşkil etdiyinə görə təşəkkür edir və Azərbaycan təcrübəsindən yararlanmağa böyük ümidlər bəsləyirəm”.
İtkin düşmüş şəxslər üzrə beynəlxalq kommisiyanın (ICMP) Siyasət və əməkdaşlıq direktoru Andreas Kleiser isə deyib ki, itkin düşən şəxslərlə bağlı mərkəzləşdirilmiş məlumat emalı çox vacibdir. Dövlətlər və dövlət qurumları arasında kommunikasiya, məlumat emalı təmin olunmalıdır”.
O bildirib ki, itkin düşən şəxslərin ailə üzvləri də bu məlumatlardan şəffaf istifadə edə bilməlidir: “Bütün ölkələr bu məsələ barədə düşünməlidir. İtkin düşən şəxslərin tapılmasında üçüncü tərəflər, beynəlxalq təşkilatların iştirakı vacibdir. Beynəlxalq təşkilatlarda xüsusi qurumlar birmənalı şəkildə tərəflər arasında kommunikasiyanı təmin etməlidir”.