Azərbaycan və İordaniya mövcud potensiallarından istifadə etməklə yaxın bölgələrə birgə çıxışı təmin edə bilər.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Mərkəzi Asiya kimi bölgələrdə İordaniyanın da böyük marağı var: “Həmkarım Azərbaycandan öncə Özbəkistana səfər etmişdi. Azərbaycanın isə Mərkəzi Asiya ölkələri ilə yaxşı münasibətləri var. Nəqliyyat sahəsində Orta Dəhlizin son illər ərzində əhəmiyyəti də artıb. Eyni zamanda, Ələt Sərbəst İqtisadi Zonası Mərkəzi Asiyaya çıxış qapısıdır. Bu, iordaniyalı investorlar üçün maraqlı istiqamət ola bilər. Eyni zamanda, Xəzər hövzəsindən enerji layihələrinin dünya bazarına çıxarılması üçün Azərbaycan böyük layihələr həyata keçirir."
"Yeni regional mühit kontekstində Yaxın Şərq ölkələri də yeni marşrutlar inkişaf etdirirlər. İordaniya-Türkiyə istiqamətində yeni layihələr üzrə hazırlıqlar gedir. İordaniyanın Azərbaycanla birlikdə, həmçinin Türkiyə ilə layihələr həyata keçirməsinin böyük potensialı var. Mən ilkin istiqamətləri qeyd etdim, amma burada potensial daha genişdir və müzakirələr hazırda aparılır”, – deyə Ceyhun Bayramov bildirib.