Türkiyə və Azərbaycan NATO-da da əməkdaşlıq imkanlarını genişləndirir.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Türkiyə və Azərbaycan arasında müdafiə, ticarət, təhlükəsizlik, beynəlxalq təşkilatlarla əməkdaşlıq və digər çoxsaylı sahələrdə geniş fəaliyyət həyata keçirilir. İki ölkə arasında bu istiqamətlər üzrə böyük əməkdaşlıq imkanları mövcuddur.
“Türkiyə və Azərbaycanın siyasətində Afrika istiqamətinin, eləcə də Afrika ölkələri ilə əlaqələrin daha da inkişaf etdirilməsi həm siyasi, həm ticarət, həm təhlükəsizlik, həm də maliyyə sahələrində müəyyən nəticələrin əldə olunmasına imkan verə bilər.
Məsələn, Türkiyə Afrikada ən geniş diplomatik və iqtisadi təmsilçiliyə malik ölkələrdən biridir və bu sahədə birmənalı olaraq ilk üçlükdə yer alır. Birgə keçid etdiyimiz və təşəbbüslər irəli sürdüyümüz istiqamətlərdən biri də Afrika ilə əlaqələrin inkişaf etdirilməsidir. Azərbaycan, Türkiyə və əməkdaşlıq ediləcək Afrika ölkələri arasında yeni əlaqələrin qurulması mümkündür”, - nazir qeyd edib.