Bakıda keçirilən Qoşulmama Hərəkatının Koordinasiya Şurasının nazirlər iclası ayrılıqda mühüm bir hadisədir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu deyib ki, bu görüşün əsas gündəmi dünyanın ən çox ehtiyac duyduğu və bu gün çox aktual olan tolerantlıq, bərabərlik və sülh mövzusuna həsr edilib: “Eyni zamanda Azərbaycanın sədrliyi nəticəsində bu gün Qoşulmama Hərəkatı dünyada səsi eşidilən və təşəbbüskar bir beynəlxalq təşkilata çevrilib. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatına üzv olan ölkələrin nazirləri qarşısında etdiyi çıxış öz məzmunu və dünyaya verdiyi mesajla tamamilə ayrıca bir hadisədir. Hər şeydən öncə Azərbaycan Prezidenti dünyanın qlobal gündəmi ilə bağlı tarixi bir çıxış etdi. Bugünkü qlobal çağırışlar kontekstində Prezident İlham Əliyevin irəli sürdüyü təklif və təşəbbüslər yeni dünya nizamının gələcəyi baxımından olduqca əhəmiyyətli idi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi 3 illik müddət ərzində bu təşkilatın görməyi bacardığı işlər gündəmin tamamilə fərqli bir tərəfini təşkil edirdi. Azərbaycan Prezidentinin çıxışının tarixiliyi onda idi ki, ilk növbədə dünyada sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxaran səbəblər cəsarətlə ortaya qoyuldu və tənqid edildi. Bu səbəblər islamafobiya, yeni imperializm və neoklonizm kimi üç qrupda təsnifatlandırılıdı. Tarixiliyin ikinci tərəfi onda idi ki, Prezident İlham Əliyev dünyanın yeni və daha ədalətli nizamı və təhlükəsizlik sisteminin formalaşmasının mümkün yolları ilə bağlı öz fikirlərini səsləndirdi. Bu, BMT və onun Təhlükəsizlik Şurasının yenidən və dünyanın siyasi coğrafiyası və sivilizasiyalarına uyğun olaraq yeni proporsiyada təşkil edilməsi ilə bağlı idi. Yəni Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatların da BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə təmsil olunması təklif edildi. Üçüncüsü, bu, dünya siyasətini təyin edən ölkələrin siyasi eynəyinin islamafob və sivilizasiyaların qarşıdurması foksundan xilas edilməsi çıxışı idi. Bu kontekstdə Prezident İlham Əliyev arqument və faktlarla Fransa kolonizm və neokolonozm siyasətini ifşa etdi”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev çıxışında hazırda Azərbaycana qarşı Fransanın neokolonist baxışlarını və regionda sülhə qarşı olan mövqeyini dünyanın diqqətinə təqdim edib. Bu, Makron Fransasının antisülh siyasətinin üzünə vurulan tərs sillə idi: “Azərbaycan Prezidentinin verdiyi ən mühüm mesajlardan biri isə Ermənistana və onu müdafiə edən antisülh blokuna ünvanlanmışdı. Ona görə də regionda sülh istəməyən Fransa, Hindistan, İran kimi ölkələr bu xəbərdarlıqdan nəticə çıxarmalıdırlar. Sonda isə Azərbaycan Prezidenti mümkün yeni dünya nizamında Qoşulmama Hərəkatının yeri və rolunun haqqında danışaraq, gələcək nizamın ədalətli olması üçün bu Hərəkatın fəal iştirakçılığı məsələsini də aktuallaşdırmış oldu. Bunun üçünsə Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatında yaradılan yeni ənənə və təşəbbüskarlıq davam etdirilməlidir”.