Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti humanitar və təcili humanitar yardım fəaliyyətidir. Əksər hallarda isə bu fəaliyyət tamamilə tibbi təcili yardımla məhdudlaşdırılan fəaliyyətdir. Bundan kənar bütün fəaliyyət növləri qeyri-qanunidir və elə BQXK-nın öz prinsiplərinə də ziddir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.
Deputat deyib ki, belə olan halda Azərbaycan sərhədçiləri tərəfindən BQXK-ya məxsus nəqliyyat vasitəsində siqaret, telefon , dinləmə və müşahidə cihazları kimi vasitələr aşkar edilməsi bu beynəlxalq təşkilatın qaçaqmalçılıqla məşğul olmasının göstəricisidir: “Bu, Azərbaycan qanunvericiliyinin pozulması və ölkəmizin etimadından sui-istifadə olmaqla yanaşı, BQKX-nın etibarlı tərəfdaş kimi beynəlxalq imicinə ciddi zərbə vurur. Azərbaycan belə qaçaqmalçılıq halları barədə dəfələrlə rəsmi kanallar vasitəsilə BQKX-yə xəbərdarlıq edib, bu halların dayandırılmasını tələb edib. Lakin təəssüf ki, BQXK tərəfindən ciddi tədbirlər görülməyib. Bu, qəbuledilməzdir. BQXK Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən yeganə beynəlxalq təşkilatdır və təəssüf ki, öz mandatından sui-istifadə edir”.
Hikmət Babaoğlu qeyd edib ki, BQKX-nın Azərbaycan qanunvericiliyinə qarşı hörmətsizliyi qaçaqmalçılıq faktları ilə məhdudlaşmır: “BQKX xəstələrin Xankəndidən Ermənistana tibbi təxliyəsi məsələsində də Azərbaycan tərəfinin insanlıq naminə xoş niyyətindən sui-istifadə edir. Məlumatlara görə təxliyə edilənlərin heç də hamısı xəstələr deyil. Bəzi hallarda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan ermənilər sağlam olsalar belə, müxtəlif yollarla BQKX əməkdaşlarına yol taparaq, Xankəndidən Ermənistana getməyə çalışırlar. Bundan əlavə, BQXK tibbi təxliyə prosesini İsveçrə nömrəli nəqliyyat vasitələri ilə həyata keçirir. Bunun özü də qəbuledilməzdir. Əgər BQXK-ya aid olan nəqliyyat vasitələrində qaçaqmalçılıq faktları aşkar olunursa, onda ermənilərin müxtəlif yollarla BQXK-ya yol taparaq xəstə adı ilə Ermənistana gedib gəlməsi barədə deyilənlər də doğrudur. Bütün bunlarla BQKX-nın öz imicinə ciddi zərbə vurur və Azərbaycanın bu təşkilata olan inamını sarsıdır”.
Deputat hesab edir ki, bütün bunlara görə BQXK-nin bu vaxta qədərki fəaliyyəti araşdırılmalı, törətdiyi qanun pozuntularına qarşı məsuliyyət müəyyənləşdirilməlidir. Bundan sonra isə bu təşkilatın qeyri-qanuni fəaliyyəti hüquqi müstəvidə qiymətləndirilməli, beynəlxalq ictimai rəyə lazımı informasiyalar göndərilməlidir: “Azərbaycan sülh danışıqlarını nəzərə alaraq, sülhə keçdi dövrü kimi xarakterizə etdiyi bu mərhələdə BQXK-nin İrəvandan Qarabağ gəlməsinə və humanitar missiya həyata keçirməsinə bir növ güzəştlə yanaşdı, xalqımıza xas olan humanitar dəyərlər mövqeyindən çıxış etdi. Ancaq BQXK bunu layiqincə qiymətləndirə bilməyərək bu humanitar yanaşmanı istismar etdi. Aydın oldu ki, nəyə görə bu vaxta qədər BQXK Qarabağa humanitar xidmətləri Bakıdakı ofisi vasitəsilə yox , İrəvandakı ofisi vasitəsilə edirmiş”.
Hikmət Babaoğlu vurğulayıb ki, BQKX-nın Xankəndi Ofisi Bakı Ofisinə tabe etdirilməli, əks halda isə bağlanmalıdır: “Vətən müharibəsindən sonra Azərbaycan tərəfi dəfələrlə BQXK qarşısında Xankəndi ofisinin Bakı ofisinə tabe etdirilməsi məsələsini qaldırmasına baxmayaraq, BQXK Azərbaycanın haqlı tələbini yerinə yetirməkdən qaçır. Hazırda baş verən hadisələr BQKX-nın Xankəndi Ofisinin Bakı Ofisinə tabe etdirilməsi məsələsini yenidən gündəmə gətirir, bunun baş verməyəcəyi təqdirdə, Xankəndi Ofisinin bağlanmasını labüd edir”.