Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 2-də İsveçrə və Xorvatiyanın ölkəmizə yeni təyin olunmuş səfirləri ilə görüş keçirib.
Mədəniyyət Nazirliyindən APA-ya verilən çəlumata görə, İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre ilə keçirilən görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir Əbülfəs Qarayev 2018-ci ilin yanvar ayında Davosda keçirilən Mədəniyyət nazirlərinin Konfransında iştirakını xatırlayaraq səfər çərçivəsində İsveçrə Konfederasiyasının prezidenti Alain Berset ilə görüşü barədə məlumat verib.
Ölkələrimiz arasında mövcud mədəni əlaqələri yüksək qiymətləndirən səfir Muriel Peneveyre əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğunu qeyd edib.
Xorvatiya Respublikasının ölkəmizdəki səfiri Branko Zebiçlə görüşdə Əbülfəs Qarayev 2018-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri zamanı “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2019-2021-ci illər üçün mədəni əməkdaşlıq proqramı”nın imzalandığını bildirib.
İki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edən nazir əməkdaşlığın inkişafı məqsədilə imzalanmış bu proqrama uyğun olaraq yeni layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Səfir Branko Zebiç Mədəniyyət Nazirliyini bu ilin oktyabr ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil ediləcək konsertdə rəsmi tərəfdaş olmağa dəvət edib.
Nazir həmçinin Mədəniyyət Nazirliyinin 2020-ci ilin may ayında Xorvatiyanın Riyeka şəhərinin “Avropanın Mədəniyyət Paytaxtı” elan olunması çərçivəsində keçiriləcək tədbirdə fəal iştirak edəcəyini bildirib.
***
17:12
Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpla görüşüb.
APA-nın xəbərinə görə, bu barədə britaniyalı səfir "Twitter" səhifəsində bildirib.
"Biz Britaniya və Azərbaycan arasında geniş əməkdaşlıq və onu gücləndirmək imkanları, o cümlədən Azərbaycanın yaradıcılıq sahələrinə dəstəyi məsələlərini müzakirə etmişik", - deyə C.Şarp qeyd edib.