Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 5-də ölkəmizdə səfərdə olan Monteneqronun Baş naziri Dritan Abazoviç ilə görüşüb.
Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün əhəmiyyəti vurğulanıb, D.Abazoviçin tədbirdə iştirakı yüksək qiymətləndirilib.
Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində səmərəli fəaliyyəti, o cümlədən irəli sürdüyü mühüm təşəbbüslər barədə bəhs edilib.
Azərbaycan-Monteneqro münasibətlərinin bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Eyni zamanda ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, turizm və digər istiqamətlərdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.