“Azərbaycan Prezidentinə dünənki çıxışına görə təşəkkür edirəm. Bir daha vurğulayıram ki, Fransa işğalçı gücdür”.
APA xəbər verir ki, bu barədə Fransa Respublikasının Milli Assambleyasının deputatı (Fransız Qvianası) Jean-Victor Castor Qoşulmama Hərəkatının iclası çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
O deyib ki, müstəmləkəçiliyin ilk illərindən Fransa gücdən, zorakılıqdan, hərbi gücdən istifadə edib: “Fransa bizim torpaqlarımıza belə bir yanaşma göstərib ki, guya onlar bu torpaqlara gələndə buralar boş olub. Fransa burada yaşayan yerli əhalinin mövcudluğunu inkar edib”.
O, çıxışında Fransanın ticarətlə bağlı tətbiq etdiyi məhdudiyyətlər, ölkənin torpaqlarının Fransa tərəfindən mənimsənilərək sui-istifadə olunması barədə danışıb: “Fransa Qvianada diskriminant, irqçiliyə əsaslanan siyasət yürüdür. Parlamentarilərin 98 faizi metropolitan ərazilərdən olan ağdərililər bizim əvəzimizə bizimlə bağlı səhiyyə, təhsil, ətraf mühitlə bağlı qərar verir”.
O, Fransanın onun ölkəsinin təbii resurslarını, meşələrini necə idarə etdiyinə diqqət çəkib: “Bu cür yanaşma aparteid idarəçilikdir".