"Bakı Platformasının yaradılması məsələlərin sülh yolu ilə həllinə yardım edəcək. Platformanın məqsədi regionda mövcud olan çağırışların və problemlərin həllinə öz töhfəsini verməkdir".
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ATƏT PA-nın prezidenti Giorgi Tsereteli bildirib.
Onun sözlərinə görə, ATƏT Parlament Assambleyası bir çox istiqamətlərdə - münaqişələrin qarşısının alınması və həlli, iqtisadi əməkdaşlıq, insan hüquqları sahəsində fəaliyyət göstərir.
Giorgi Tsereteli qeyd edib ki, qətnamələri qəbul etmək və Parlament Assambleyasında müzakirələr aparmaqla yanaşı, ATƏT PA-nın əsas məqsədi milli parlamentlərlə - Almaniya Bundestaqı, Türkiyə parlamenti və Azərbaycan Milli Məclisi ilə sıx şəkildə işləməkdir: "Ümid edirik ki, gələcəkdə bu format genişlənəcək və daha çox ölkə sülhə, stabilliyə və əməkdaşlığa töhfə vermək məqsədilə platforma qoşulacaq. Bu, çox inklüziv prosesdir".