Tbilisidə səfərdə olan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev və deputat Rauf Əliyev Gürcüstan parlamentinin vitse-spikeri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze ilə görüşüb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, tərəflər ölkələr arasında mövcud strateji tərəfdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluqlarını ifadə ediblər.
Söhbət zamanı Arçil Talakvadze Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
“Azərbaycan uzun illərdir ki, Gürcüstana dəstək olur, fəxr edirəm ki, bu cür yaxşı münasibətlərimiz var. Azərbaycan və Gürcüstan arasında möhkəm dostluq, strateji tərəfdaşlıq əlaqələri var, bununla yanaşı, iki hakimiyyət arasında bütün istiqamətlərdə çox məhsuldar, effektiv əməkdaşlıq mövcuddur. Bu gün məhz bu əlaqələrlə bağlı müzakirə apardıq. Bura enerji təhlükəsizliyi, ticari-iqtisadi əlaqələr, turizm, regional infrastruktur layihələri daxildir. Dostluq qrupunun rəhbərləri olaraq bizim imtiyazımız var ki, bu münasibətlərə öz töhfəmizi verək. Biz Azərbaycanlı dostlarımıza uzun illərdir ki, Gürcüstana dəstək olduqları üçün təşəkkürlərimizi bildiririk. Bu münasibətlər əlbəttə ki, davam edəcək və ən müsbət formada bizim vətəndaşlarımıza - azərbaycanlılara və gürcülərə xidmət edəcək. Mən fəxr edirəm ki, bu cür yaxşı münasibətlərimiz var”, - Arçil Talakvadze deyib.
Öz növbəsində Arzu Nağıyev Gürcüstanın Azərbaycanın yaxın dostu və tərəfdaşı olduğunu, hər iki ölkənin rəhbərliyi arasında etimad və məhsuldar əməkdaşlığın olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev də iştirak edib.