Azərbaycan və Ermənistan arasında yaradılacaq məlumat bazası əməkdaşlıq baxımından son dərəcə mühüm əhəmiyyət daşıyır.
APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberqer İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin Düşmüş Şəxslər Məsələsinin həllində müasir Yanaşmalar Və Əməkdaşlığın Gücləndirilməsi” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.
Onun sözlərinə görə, bu, təkcə dövlət qurumları arasında əməkdaşlığın güclənməsinə və Azərbaycan hökuməti ilə itkin düşmüş şəxslərin ailələri arasında əlaqələrin inkişafına imkan verməyəcək, həm də Azərbaycan və Ermənistan arasında məlumat mübadiləsini təmin edəcək və sülhə xidmət edən bir mexanizm olacaq.
“Bu, bizim, məsələn, keçmiş Yuqoslaviya kontekstində qurulmasına kömək etdiyimiz modeldir. Bu gün həmin regionun hökumətləri, münaqişədən uzun illər keçməsinə baxmayaraq, birlikdə fəaliyyət göstərən itkin düşmüş şəxslər üzrə işçi qrupu yaradıblar. Onlar hələ də açıq qalan işləri əhatə edən ortaq verilənlər bazası formalaşdırıb və həmin baza vasitəsilə məlumat mübadiləsi aparırlar. Ümid edirik ki, bu məlumat bazası vasitəsilə də eyni nəticələr əldə olunacaq. İlk baxışdan bu mövzu çox maraqlı görünməyə bilər, lakin verilənlər bazası əməkdaşlığın təmin olunması və sülhün qurulması üçün həyati əhəmiyyət daşıyan vasitələrdən biridir”, - baş direktor vurğulayıb.