Bu gün İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Mərasimdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, Forum çərçivəsində keçirilən panel müzakirələri parlamentlərimizin müvafiq komitələrinin fəaliyyəti və Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın əsas sahələri ilə bağlı geniş məsələləri əhatə edib.
Bildirilib ki, Forum bir daha Azərbaycan-Özbəkistan münasibətlərində parlament dialoqunun əhəmiyyətini təsdiqləyib. Sonra Sahibə Qafarova İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun Bakı Bəyannaməsinin razılaşdırılmış layihəsini təqdim edib və bəyannamə qəbul edilib.
Spiker bildirib ki, Bakı Bəyannaməsinin qəbul edilməsi parlamentlərarası dialoqun davamlılığının təmin edilməsi və daha məzmunlu olması baxımından vacibdir. Onun müddəalarının həyata keçirilməsi ikitərəfli əməkdaşlığın qanunvericilik bazasının möhkəmləndirilməsinə və dövlətlərimizin rəhbərlikləri səviyyəsində əldə edilmiş razılaşmaların yerinə yetirilməsinə töhfə verəcək.
Qeyd edilib ki, Forumun əsas nəticələrindən biri Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi arasında Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın bu gün keçiriləcək ilk iclası olacaq.
Bağlanış mərasimində çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva deyib ki, Forum çərçivəsində aparılan müzakirələr əsası prezidentlərimiz tərəfindən qoyulmuş müttəfiqliyin daha da möhkəmlənməsinə və ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına töhfə verəcək. Tənzilə Narbayeva İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun yekunları ilə bağlı qəbul edilmiş Bakı Bəyannaməsinin mühüm əhəmiyyətini vurğulayıb.
Foruma yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi arasında imzalanmış 2027-2028-ci illər üçün yeni “Yol xəritəsi”nin birgə işin mühüm nəticəsi olduğunu qeyd edib və tədbir iştirakçılarına bu Forumda iştirak etdiklərinə görə təşəkkürünü bildirib.
Bununla da İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu başa çatıb.
***
saat 16.13
Bu gün Milli Məclisdə “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusuna həsr olunmuş İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Mərasimdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova parlamentlərimiz arasında etimad və qarşılıqlı hörmətə əsaslanan dialoqu yüksək qiymətləndirərək, bildirib ki, Birinci Parlamentlərarası Forum ötən ilin iyul ayında Xivədə uğurla keçirilib və orada parlament əlaqələrinin vəziyyəti, birgə iş üçün prioritet sahələr müzakirə edilib.
Spiker qeyd edib ki, ikinci forumun Bakıda keçirilməsi bu dialoq formatının inkişaf etdirilməsinə və əldə edilən razılaşmaların praktiki şəkildə həyata keçirilməsinin təmin edilməsinə qarşılıqlı sadiqliyi nümayiş etdirir.
O diqqətə çatdırıb ki, parlament ölçüsü Azərbaycan-Özbəkistan münasibətlərində mühüm yer tutur. Qeyd edilib ki, Xivədəki görüşdən bəri iki ölkə arasında əməkdaşlıq xeyli genişlənib və aktiv siyasi dialoq ən yüksək səviyyədə davam edib.
Bildirilib ki, dövlətlərarası münasibətlərin dinamikası parlamentlərimiz üçün yeni çağırışlar yaradır. Bu baxımdan parlament diplomatiyasının rolu artır və qanunverici orqanların fəaliyyətinin ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə kömək etməsi, hüquqi bazanı təkmilləşdirməsi və parlamentarlar arasında birbaşa əlaqələri genişləndirməsi vacibdir.
Diqqətə çatdırılıb ki, 2025-2026-cı illər üçün son “Yol xəritəsi” uğurla həyata keçirilib və müəyyən edilmiş məqsədlərin sistemli şəkildə yerinə yetirilməsini təmin edib.
Milli Məclisin sədri bildirib ki, bugünkü forum görülən işləri ümumiləşdirməyə və dövlətlərarası gündəlikdəki cari məsələləri nəzərə alaraq növbəti addımları müəyyən etməyə imkan verir.
Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.
Senatın sədri deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadi potensialını gücləndirib, infrastrukturunu modernləşdirib və beynəlxalq arenada mövqeyini möhkəmləndirib. Tənzilə Narbayeva Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpasındakı tarixi roluna və hazırda Qarabağda aparılan geniş quruculuq işlərinə dərin hörmətini ifadə edib.
Senatın sədri Özbəkistanda da Prezident Şavkat Mirziyoyevin təşəbbüsü və rəhbərliyi ilə Yeni Özbəkistan quruculuğunun həyata keçirildiyini diqqətə çatdırıb.
Prezident Şavkat Mirziyoyev və Prezident İlham Əliyevin siyasi iradələri, şəxsi dostluğu və qarşılıqlı etimadları sayəsində ölkələrimizin müttəfiq olduğunu vurğulayan Senatın sədri bu baxımdan iki il əvvəl dövlət başçılarının imzaladığı Müttəfiqlik münasibətləri haqqında Müqavilənin və bu ilin avqust ayında Daşkənddə Ali Dövlətlərarası Şuranın üçüncü iclası çərçivəsində imzalanmış Əbədi dostluq Müqaviləsinin əhəmiyyətini qeyd edib.
Tənzilə Narbayeva iki ölkənin iqtisadi əlaqələri və həyata keçirilən geniş layihələr barədə də fikirlərini bölüşüb.
Parlamentlərin islahatların qanunvericilik baxımından dəstəklənməsində və dövlətlərarası müqavilələrin həyata keçirilməsində xüsusi rolundan danışan Senatın sədri bildirib ki, Müttəfiqlik münasibətləri haqqında Müqavilədə parlament diplomatiyasına ayrıca bir maddə həsr olunub. Tənzilə Narbayeva qarşıdakı iki il ərzində iki ölkə parlamentinin birgə fəaliyyət istiqamətləri barədə təkliflərini diqqətə çatdırıb.
Sonra Forum öz işini panel müzakirələri ilə davam etdirib.