Beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etmək üçün Ukraynaya qarşı Rusiyanın başladığı hazırkı münaqişədə yardım göstərmək çox vacibdir. Ukraynaya beynəlxalq dəstək elə ilk gündən verilib və dəyişməz olaraq qalır.
Bunu APA-ya müsahibəsində Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko deyib.
“Ukraynalılar bu müharibədə uğurlar əldə etmək üçün nəyə ehtiyac duyduqlarını aydın başa düşürlər. Bundan əlavə, dünya ictimaiyyətinin Ukraynaya göstərdiyi yardımlar regionda müharibənin genişlənməsinin və cəbhə xəttinin sərhədlərimizə yaxınlaşmasının qarşısını alır.
Moldova Respublikası bu baxımdan ukraynalı müttəfiqlərimizi yüksək qiymətləndirir. Ukraynaya yönəldilən hərbi yardım həmçinin Moldovada sülhün qorunmasına töhfə verir. Ukrayna əsgərlərinin dözümlülüyü və fədakarlığı sayəsində hazırkı mərhələdə silahlı münaqişənin regionda yayılacağını düşünmək üçün heç bir ilkin əsas yoxdur”, - diplomat qeyd edib.