Bu ilin noyabr ayında Yaponiyada Yaponiya-Azərbaycan Ticarət Palatasının iclası keçiriləcək.
APA -nın xəbərinə görə, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori jurnalistlərə açıqlamasında bildirib. Səfir qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələr enerji resursları, xüsusilə də neft sektoru ilə bağlıdır. Yaponiyalı diplomat Ticarət Palatasının iclasında qeyri-neft sektoru, kənd təsərrüfatı, turizm və informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə olunacağını qeyd edib.
Səfir oktyabr ayında Yaponiyada yeni imperatorun taxta çıxma mərasimində Azərbaycandan da nümayəndə heyətinin iştirak edəcəyini deyib.
Yaponiyalı səfir viza sisteminin asanlaşdırılması ilə bağlı qarşılıqlı müzakirələrin də aparıldığını qeyd edib: "Ötən il viza sistemində müəyyən sadələşdirilmələr turistlərin sayına təsir edib. Azərbaycandan Yaponiyaya səfər edən turistlərin sayında 20 faiz artım müşahidə olunub".