Olena Kondratyuk: Ukrayna xüsusilə müsəlman dövlətlərini İsveçrədə keçiriləcək Sülh Konfransına qatılmağa dəvət edir - MÜSAHİBƏ

Olena Kondratyuk

© APA | Olena Kondratyuk

# 15 may 2024 11:55 (UTC +04:00)

Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyukun APA-ya müsahibəsi

Fərid Azəri: Söhbətimizə NATO-nun Baş katibi Yens Stoltenberqin Ukraynaya səfərindən başlayaq. Bu səfər zamanı keçirilən görüşlər, cənab Stoltenberqin Ukrayna hökuməti ilə apardığı danışıqlar, eləcə Ukrayna-NATO münasibətlərinin hazırkı vəziyyəti ilə bağlı fikirlərinizi öyrənmək istərdik.

- Dünyadakı böyük təşkilatların, xüsusilə də alyans liderlərinin Ukraynaya səfəri, təcavüzkar ölkə olan Rusiyanın burada hansı əməlləri törətməsinin şahidi olması bizim üçün çox önəmlidir. Düzünü desəm, hazırda Ukrayna misli görülməmiş humanitar böhranla üz-üzədir. Rusiyanın demək olar ki, hər gün endirdiyi aviazərbələr insanların ölümünə səbəb olur. Bu, çox qorxunc bir mənzərədir. Əlbəttə ki, müxtəlif ölkələrin və təşkilatların rəhbər şəxslərinin səfərləri bizə göstərilən dəstəyə görə onlara təşəkkür etmək imkanı yaradır. Söhbət Ukraynaya həm hərbi, həm də humanitar dəstək verən ölkə və təşkilatlardan gedir. Fürsətdən istifadə edib mən göstərilən humanitar yardımlara görə Azərbaycan tərəfinə, Prezident İlham Əliyevə təşəkkür edirəm. Bu, özünü həm infrastruktur, həm də energetika sahəsində göstərir. Eyni zamanda, enerji sahəsinə Azərbaycanın verdiyi dəstək çox böyük əhəmiyyət daşıyır. Ona görə ki, Rusiya hər gün ölkəmizin nəhəng energetika obyektlərini atəş altında saxlayır. Bu sahəyə edilən yardımlar bizim yaşamağımız və işləməyimiz, eləcə də övladlarımızın təhsil ala bilmələri üçün olduqca mühümdür. Onlar təhsillərinə sığınacaqlarda davam etsələr belə, enerji sahəsində Ukraynaya edilən yardımların çox böyük önəmi var. Humanitar dəstəklə paralel olaraq, biz raket hücumundan müdafiə vasitələri ilə təchizatı da vacib sayırıq. Çünki həm ölkəmizin təhlükəsizliyi, həm də dinc insanların həyatı məhz bundan asılıdır.

Zümrüd Paşkin: NATO-nun Baş katibi Yens Stoltenberq alyansın və müttəfiqlərin Ukraynaya dəstəyi davam etdirəcəyi barədə bəyanat versə də, mətbuat konfransı zamanı Ukrayna Prezidenti Vladimir Zelenski bu dəstəyin kifayət etmədiyini və silah təchizatını sürətləndirməyin vacibliyini bildirib. Necə düşünürsünüz, bu bəyanatdan sonra Ukraynaya silah-sursat, eləcə də hava hücumundan müdafiə sistemləri təchizatının sürətlənəcəyi gözlənilirmi?

- Siz çox doğru qeyd etdiniz. Çünki bizim üçün hava hücumundan etibarlı müdafiənin təşkili çox vacibdir. Bura həm “Patriot” sistemlərinin, həm də pilotsuz uçuş aparatlarının təchizatı daxildir. Tərəfdaşlarımız bizi müxtəlif tipli top mərmiləri ilə təchiz edir, lakin biz onları eyni zamanda, Ukraynanın hava hücumundan etibarlı müdafiəsini təşkil etməyə çağırırıq. Növbəti məsələ isə NATO-nun Vaşinqtonda Ukraynaya dəstək üzrə növbəti sammitinin keçirilməsidir. Çünki biz məhz bu zirvə görüşündə ölkəmizin NATO-ya üzvlüyü məsələsinə dair siyasi qərarın veriləcəyini gözləyirik. Ukraynanın dəqiqliklə müəyyən edilmiş strateji istiqamətləri mövcuddur. Onlar konstitusiyamızda da əksini tapıb. Birinci istiqamət özündə Avropa İttifaqına, ikincisi isə NATO-ya üzvlük kimi hədəfləri müəyyən edir. Dövlət xadimləri olaraq biz bu hədəflərin reallaşması üçün əlimizdən gələni edirik. Məhz buna görə Vaşinqton sammitinə hazırlıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, onu da başa düşürük ki, müharibə bitənədək ölkəmizin bu hərbi alyansın tamhüquqlu üzvü olması mümkün deyil. Ona görə də bizim üçün hazırda ən önəmli aspekt ədalətin və sülhün tərəfdarı olan ölkələrdən ibarət koalisiya yaratmaqdır. Biz bütün qitələrdən olan dövlətləri bu koalisiyanın tərkibində iştiraka çağırırıq. Bu çağırış xüsusilə də müsəlman ölkələrinə aiddir. Ukrayna müsəlman dövlətlərini İsveçrədə keçiriləcək Böyük Sülh Konfransına qatılmağa dəvət edir. Artıq tədbirin tarixi də məlumdur. Bu sammit iyunun 16-da keçiriləcək. Bilirsiniz ki, İsveçrəyə səfəri zamanı Prezident Vladimir Zelenskinin orada bir sıra görüşləri baş tutub. Mən də Bakıya səfərim zamanı ölkəm adından Azərbaycanı həmin zirvə görüşündə ən yüksək səviyyədə iştiraka dəvət etmişəm. Sülh, ədalət və təhlükəsizliklə bağlı tədbir olduğuna görə Azərbaycanın burada qatılması bizim üçün çox vacibdir.

Fərid Azəri: Siz həm İsveçrədə keçirilək sammit, həm də Ukraynanın beynəlxalq tərəfdaşlarla münasibətlərinə toxundunuz. Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsi də xeyli müddətdir müzakirə mövzusudur. Ölkənizin Avropa ailəsinə qoşulması üçün hansı perspektivləri görürsünüz? Bu prosesin uğurla başa çatdırılması üçün hansı addımlar atılmalıdır? Demək olarmı ki, mövcud müharibə şəraiti ilə əlaqədar üzvlük məsələsi uzana bilər?

- Mən Ali Radanı təmsil etdiyim üçün deyim ki, biz parlament olaraq hazırda Ukraynanın Avropa İttifaqına üzvlüyünə dair danışıqlar prosesinin başlanması üçün əlimizdən gələni etmişik. Belə demək olarsa, bu istiqamətdə ev tapşırığını, yəni Avropa Komissiyasının qarşımızda qoyduğu bütün kriteriyaları yerinə yetirmişik. Biz çox ümid edirik ki, ölkəmizin Avropa İttifaqına üzvlüyü məsələsinə dair danışıqlar öncəsi proses iyunun ortalarında, danışıqların özü isə elə həmin ayın sonlarında başlayacaq. Ölkəmiz üçün bu prosesin başlanması böyük əhəmiyyət daşıyır. Ona görə ki, hazırda Avropa İttifaqında, Avropa Parlamentində bu prosesə Belçika rəhbərlik edir. Azərbaycandan əvvəl mən Moldovaya səfər etmişdim. Yeri gəlmişkən, biz Avropa İttifaqına daxil olmaq prosesini bu ölkə ilə paralel şəkildə icra edirik. Parlament olaraq öz işimizi uğurla həyata keçirmişik. Hazırda isə hökumətlər arasında bununla bağlı mürəkkəb danışıqlar aparılır. Ona görə ki, hazırda Avropa İttifaqına üzv olmaq istəyən digər ölkələrlə bu yolda belə demək olarsa, yarışa qoşuluruq. Ukrayna xüsusilə də kənd təsərrüfatı, maşınqayırma, energetika və digər sahələrdə böyük iqtisadi potensiala malik bir dövlətdir. Sadəcə olaraq bizim cəmiyyət Avrozonaya üzvlüklə bağlı danışıqların son dərəcə açıq və şəffaf şəkildə aparılmasını istəyir. Biz çox ümid edirik ki, müharibə ölkəmizin Avropa İttifaqına üzvlüyünə maneə yaratmayacaq. Bununla yanaşı, biz özümüzü qonşumuz olan təcavüzkar Rusiya Federasiyasından qorumalıyıq. Ukrayna cəmiyyətinin 85 faizi ölkəmizin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir. Bu, azaldılması mümkün olmayan çox önəmli bir göstəricidir. Hesab edirəm ki, Avrozona ailəsinə qoşulmaq arzusunun reallaşması üçün hər şey etməliyik.

Zümrüd Paşkin: Biz bilirik ki, üzvlük məsələləri hər iki tərəfin - həm Avropa İttifaqı, həm də Ukrayna tərəfinin marağındadır. Düzünü desək, Macarıstan da daxil olmaqla, Avrozona daxilindəki bəzi ölkələr, bir sıra qüvvələr bu prosesə müəyyən dərəcədə maneə yaratmağa çalışırlar. Məsələn, Baş nazir Viktor Orban Ukraynaya maliyyə dəstəyinin müzakirəsi zamanı bu prosesi əngəlləməyə çalışırdı. Sizcə, buna bənzər maneələri gələcəkdə necə aradan qaldırmaq olar?

- Mənim bir qədər əvvəl də qeyd etdiyim kimi, burada müəyyən mənada bir yarışma gedir. Sizə deyə bilərəm ki, macarıstanlı həmkarlarımızla istər xarici işlər naziri, istər prezidentin müşaviri səviyyəsində çox vacib müzakirələr aparılıb. Ona görə ki, arada fikir ayrılıqları yaradan məsələlər həll edilməlidir. Məncə, səsləndirilən bəyanatlarla həyata keçirilən siyasət bəzi hallarda üst-üstə düşmür. Avropa İttifaqının digər ölkələrinə nəzər saldıqda görürük ki, orada insanlar Ukraynanın quruma üzvlüyünü dəstəkləyir. Bu, çox vacibdir. Ona görə də Macarıstan da daxil olmaqla, istənilən Avrozona ölkəsinin hakimiyyəti bu amili yaxşı dərk edir. Biz çox istəyərdik ki, Macarıstan hakimiyyəti tərəfindən də ukraynameyilli bəyanatlar səsləndirilsin. Biz danışıqlar çərçivəsində bu prosesin həyata keçirilməsinə başlamışıq. Doğrusu, Macarıstanın bizə təqdim etdiyi bütün şərtləri, o cümlədən istər təhsil, istərsə də milli azlıqlarla bağlı qarşımızda qoyduğu tələbləri yerinə yetirmişik. Bu prosesə həm də Avropa Komissiyası və Avropa İttifaqı ilə yarış kimi də baxmaq olar. Yeri gəlmişkən, onlar da Ukraynanın üzvlüyünə dair kriteriyaların bəzilərini aradan qaldırıb. Hesab edirəm ki, burada hər şey ölkələrdən və onların daxilindəki lobbilərdən asılıdır. Mən əminəm ki, biz yerdə qalan məsələləri də həll edəcəyik.

Fərid Azəri: İndi isə istəyərdik Ukrayna-Azərbaycan əlaqələrinə toxunaq. Məlumdur ki, ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ilin fevralından etibarən qurulub. Hazırda bu əlaqələr hansı səviyyədə inkişaf edir? Onların bundan sonrakı inkişafı üçün hansı perspektivlər mövcuddur?

- Sualınıza görə təşəkkür edirəm. Bu, çox vacib bir sualdır. Birincisi, ölkələrimizin bütün səviyyələrdə dostluq münasibətləri mövcuddur. Bildiyiniz kimi, dövlət başçıları demək olar ki, hər il görüşərək, müzakirələr aparır. 2022-ci ildən indiki dövrədək onlar arasında iki görüş keçirilib, sonuncu müzakirələr isə Münhen Konfransı çərçivəsində olub. Mövcud dostluq münasibətlərinin davam edəcəyinə heç bir şübhə yoxdur. Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır. Bu isə özlüyündə münasibətlərimizin səviyyəsi ilə bağlı hər şeyi ifadə edir. Ölkələrimizin parlamentləri arasında dostluq münasibətləri var. Hər iki parlamentdə müvafiq dostluq qrupları fəaliyyət göstərir. Həm bu qrupların, həm də ayrı-ayrı parlament komitələrinin rəhbərləri də şəxsi dostluq münasibətlərinə malikdir. Ölkələrimiz iqtisadi sahədə böyük əməkdaşlıq imkanlarına malikdir. Budəfəki səfər zamanı Minatəmizləmə Agentliyinin rəhbərliyi ilə də görüşümüz oldu. Ərazilərimizin minalardan təmizlənməsi çox vacib məsələdir. Mən piyada əleyhinə minaların təmizlənməsi məqsədilə xüsusi texnika göndərdiyi üçün Azərbaycan tərəfinə təşəkkür edirəm. Bu məsələ də ölkəmizin qarşısında həlli prioritet olan bir problem kimi dayanıb. Ona görə ki, ərazilərimizin 30 faizi hazırda minalanmış vəziyyətdədir. Ölkənizin isə bu məsələdə misilsiz təcrübəsi var. Eyni zamanda, ukraynalı minaaxtaranlar üçün treninqlərin keçirilməsi, eləcə də tank əleyhinə minaların təmizlənməsi ilə bağlı məqsədilə xüsusi texnikanın göndərilməsi üçün də Azərbaycan tərəfinə müraciət etmişik. Çünki biz də çətin vaxtlarda ölkənizə kömək etmişik. İndi isə analoji köməyi məhz Azərbaycan edir. Rəsmi Bakı bizə energetika və xüsusilə də enerji təhlükəsizliyinin təmin olunması sahəsində də öz dəstəyini göstərir.

Zümrüd Paşkin: Qeyd etdiniz ki, tank əleyhinə minaların təmizləməsi üçün ölkənizin xüsusi texnikaya ehtiyacı var. Bu məqsədlə Azərbaycan tərəfinə müraciət etmisiniz. Bəs bu müraciətə müsbət cavab verilibmi?

- Mən deyə bilmərəm ki, bu müraciətə müsbət cavab verilib, ya yox. Hesab edirəm ki, bunu mənim söyləməyim doğru olmaz. Biz bütün səviyyələrdə danışıqlar apardıq, eyni zamanda, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da səmərəli müzakirələrimiz oldu. Azərbaycanda “Böyük Qayıdış” prosesinə başlanılmasından son dərəcə məmnun olduğumuzu bildirmək istəyirəm. Mən ötən il Azərbaycanda Heydər Əliyevin 100 illik yubiley tədbirlərində iştirak etmişdim. Ötən 1 il ərzində Azərbaycan xalqının əhval-ruhiyyəsində müsbətə doğru dəyişikliklər baş verdiyini hiss edirəm. İndi burada daha yüksək, qələbə ab-havası, uğura və gələcəyə inam duyğuları hökm sürür. Arzu edirəm ki, eyni əhval-ruhiyyə Ukrayna xalqının da ürəyində bərqərar olsun. Mən sizi əldə etdiyiniz qələbələr münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan öz xarici siyasətində Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün təminatı prinsiplərini üstün tutur. Bir daha təkrar edirəm ki, ölkənizin bu məsələdəki dəstəyini hiss edirik. Azərbaycanın Ukraynanın bərpası və minalardan təmizlənməsi prosesində iştirakı bizim üçün çox vacibdir.

Fərid Azəri: Fevralın 1-də Avropa İttifaqı Ukraynaya 50 milyard avroluq növbəti yardım paketini təsdiq edib. Bu məbləğin 33 milyardı kredit, 17 milyardı isə əvəzsiz qrant olaraq müəyyənləşdirilib. Əlbəttə ki, bu qurum həmin vəsaitin bölüşdürülməsi və xərclənməsinə nəzarət edəcək. Bəs hökumət bu prosesi necə həyata keçirəcək? Digər tərəfdən ittifaqın Ukraynaya dair bir sıra islahat tələbləri var. Onların icrası ətrafındakı vəziyyəti şərh etmənizi istərdik.

- Əvvəlcə onu deyim ki, biz Avropa Komissiyasının dəstəyini yüksək qiymətləndiririk. İkincisi, bu maliyyə yardımı etimad kreditidir. Digər tərəfdən, bu kredit 5 il müddətinə nəzərdə tutulub. Ukraynada korrupsiya ilə mübarizədə ixtisaslaşan bir neçə dövlət qurumu fəaliyyət göstərir. Onların fəaliyyəti isə qarşımıza qoyulan tələblərə tamamilə uyğundur. Bu vəsaitin bölüşdürülməsi də məhz həmin antikorrupsiya siyasətinin tərkib hissəsidir. Ölkəmiz hazırda məhkəmə islahatları prosesini yekunlaşdırmaq üzrədir. Mən hesab edirəm ki, həm hökumət, həm də Ali Rada islahat proqramının uğurla başa çatdırılması üçün bütün lazımi addımları atacaq. Onu da qeyd edim ki, həmin maliyyə yardımlarının ayrılacağı səhih istiqamətlər mövcuddur. Onlardan biri islahatların daha da genişləndirilməsi, iqtisadiyyatın inkişafı və digər sahələri əhatə edir. Biz bu prosesə Ukraynanın Avropa İttifaqına qoşulması prosesinin başlanğıc nöqtəsi kimi baxırıq. Üçüncüsü, bu dəstək Avrozona ölkələrində mövcud siyasi liderliyin göstəricisi olmaqla yanaşı, əksər dövlətlərin Ukraynanın hüquqlarını qorumaq istiqamətindəki səylərinin nəticəsidir. Müharibə şəraitində iqtisadi uğurlara nail olmaq çox çətin məsələdir. Ona görə ki, malik olduğumuz büdcə vəsaitlərinin 80 faizi təhlükəsizlik məqsədlərinə, silahlanmaya, eləcə də hərbçilərimizə ödənilməli olan əməkhaqqı və sosial müavinətlərin, cəbhə boyu əraziləri tərk etməli olan məcburi köçkünlər üçün nəzərdə tutulmuş ödənişlərə sərf olunur. İqtisadiyyatın dirçəldilməsi dedikdə, biz xüsusi diqqəti inkişaf etdirilməsi vacib olan sahələrə yönəldirik. Mən Tripolsk İstilik Elektrik Stansiyasının yaxınlığında yaşayıram. Bura gəlməzdən əvvəl həmin stansiya aviazərbələrə məruz qalmışdı. Atılan raketlər yaşadığım evin üzərindən keçdi. Nəticədə stansiyadan heç nə qalmadı. Lakin hər şeyə rəğmən biz yaşayıb-yaratmalı və inkişaf etməliyik. Bu isə heç də asan bir proses deyil.

Zümrüd Paşkin: Növbəti sualım NATO və onun müttəfiqlərinin Ukraynaya dəstəyi ilə bağlı olacaq. Biz bilirik ki, onlar öhdəlik götürdükləri üçün bu məqsədlə əlindən gələni edir. Lakin əgər Ukrayna ordusundakı şəxsi heyətin sayını Rusiya ordusu ilə müqayisə etməli olsaq, görərik ki, burada əhəmiyyətli dərəcədə böyük fərq var. Düşünmürsünüzmü ki, bu məsələ Ukraynaya böyük problem yarada bilər?

- Bilirsinizmi, əgər müharibəyə Rusiya ordusunun şəxsi heyət sayı ilə ordumuzdakı şəxsi heyətin sayını müqayisəsi nöqteyi-nəzərindən yanaşsaydıq, onda bəzi ölkələrin dediyi kimi, Rusiyanın qarşısında bir həftə belə tab gətirə bilməzdik. Biz bu məsələyə kəmiyyət yox, keyfiyyət baxımından yanaşırıq. Müharibədəki uğurlarımıza bizim güclü ruhumuz, qalibiyyətə olan hədsiz inamımız şərait yaradır. Çox yaxşı başa düşürük ki, hazırda biz müstəqilliyimiz, eləcə də torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan bir xalqıq. Bizim apardığım müharibə Rusiyanın təcavüzündən məhz bu cəhətlərinə görə fərqlənir. Bizim hərbçilərimiz hesab edirdilər ki, həlak olan Rusiya ordusu əsgərlərinin sayı həm müharibəni, həm də Vladimir Putini nəhayət, dayandıra biləcək. Lakin onların müstəmləkə və imperializm siyasəti dayanmır. Bu isə o deməkdir ki, Rusiya üçün insan həyatı əhəmiyyətsizdir. Biz isə əvvəlcə hər hərbçinin, hər bir ukraynalının həyatına, daha sonra isə müharibəyə önəm veririk. Bura həm yaxınlarımızın, həm də veteranların həyatı daxildir. Onların sosial müdafiəsi çox vacib məsələdir. Buna görə də biz yaxşı başa düşürük ki, əldə etdiyimiz silahların keyfiyyəti, ABŞ Konqresinin təsdiqini gözləyən maliyyə yardımının həcmi, Ukraynanın mövcud iqtisadiyyatının dirçəldilməsinə göstərilən dəstək həmçinin hərbi sənaye kompleksinin inkişafına da kömək edir.

- Cəbhə boyu vəziyyəti ümumiləşdirsək, Ukraynanın bütün istiqamətlərdəki mövqeyini necə qiymətləndirmək olar?

- Biz hazırda qətiyyətli müdafiə mövqeyində dayanmışıq və ordumuz üçün yeni silahların göndərilməsini gözləyirik. Əminik ki, bu zaman taktika dəyişəcək. Ona da inanıram ki, müdafiəmizi də sona qədər qoruyub saxlaya biləcəyik. Buna qətiyyən şübhəmiz yoxdur. Hazırda biz çox ciddi itkilər veririk. Söhbət ölkəmizin ən yaxşı oğul və qızlarının həyatlarını itirməsindən gedir. Əminəm ki, biz dözüb tab gətirəcəyik.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR