QH-nin qlobal rolunun gücləndirilməsində, tanınmasında və səsinin daha da eşidilməsində Azərbaycanın səylərini yüksək qiymətləndiririk.
APA xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısında çıxışında Özbəkistan XİN rəhbəri Baxtiyor Saidov deyib.
“Bakı artıq vacib beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilib. QH-nin rolunun gücləndirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndiririk. Azərbaycanın sədrliyi QH daxilində dinamikaya təsir edib, onu sürətləndirib. Bu gün qlobal ictimaiyyət böhranlarla üzləşir, ərzaq və enerji təhlükəsizliyinə olan təhdidlər regionlara təsir edir. QH ölkələri iqlim böhranı ilə üz-üzədir. Hərəkat regional və beynəlxalq siyasətdə aparıcı qüvvəyə çevrilir. Hərəkat çərçivəsində ölkələr prioritet sahələrdə əməkdaşlığını gücləndirir, qlobal rolunu artırır”, - nazir bildirib.
Özbəkistan XİN rəhbəri Əfqanıstandakı vəziyyət barədə də danışıb. Nazir deyib ki, onun ölkəsi Əfqanıstana azalan diqqətdən narahatdır, belə yanaşma Əfqanıstanın qlobal təcridi ilə nəticələnə bilər: “İndi Əfqanıstanın şansı var ki, illərdir davam edən böhrandan çıxsın. Özbəkistan hökuməti BMT himayəsi altında Əfqanıstanla bağlı qlobal konfransın təşkilini təklif edib. Bununla bağlı sizin dəstəyinizi gözləyirik. Özbəkistan Prezidenti həmçinin, QH çərçivəsində hər il iqtisadi forumun keçirilməsini təklif edib”.
Nazir effektiv sədrliyə görə Azərbaycanı təbrik edib.