Pakistanın Bakıdakı səfirliyində Cammu və Kəşmirin Hindistanın nəzarətinə keçməsinin ildönümü ilə bağlı “Qara Gün” qeyd olunub.
APA xəbər verir ki, mərasimdə Azərbaycanda Pakistan icmasının nümayəndələri, media təmsilçiləri, azərbaycanlı ziyalılar və tələbələr iştirak edib.
Tədbir Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.
Sonra isə Pakistan Prezidenti Asif Əli Zərdarinin, Baş nazir Şahbaz Şərifin və xarici işlər naziri İshaq Darın “Qara Gün”ün ildönümü münasibətilə müraciətləri səsləndirilib.
Ardınca çıxış edən Pakistan səfirliyinin müvəqqəti işlər vəkili Sara İjaz Azərbaycanın Cammu və Kəşmir məsələsinə dair prinsipial və ardıcıl dəstəyini yüksək qiymətləndirib.
Sonda tədbir iştirakçıları “Qara Gün” münasibətilə hazırlanan fotosərgi ilə tanış olublar.
Pakistan icmasının üzvləri, Azərbaycan ziyalıları, tələbələr və Pakistanın azərbaycanlı dostları Kəşmir xalqı ilə həmrəyliklərini ifadə ediblər.