Bank Of Baku

Politoloq: Paris merinin “fransızsayağı humanitar təxribat”ından ən çox ermənilər zərər çəkəcək

Ramiz Alıyev, politoloq

© APA | Ramiz Alıyev, politoloq

# 30 avqust 2023 14:17 (UTC +04:00)

Fransa Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dəstək olmaq əvəzinə təxribatçı addımları ilə bölgədə gərginlik yaradır.

Bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Politoloq deyib ki, sistemli xarakter alan bu addımlar bu gün açıq müstəviyə keçib. Fransanın bir sıra şəhərlərinin merləri də anti-Azərbaycan kampaniyasına açıq dəstək verirlər: “Fransa Erməni Təşkilatları İttifaqının (CCAF) xahişi ilə Paris meri Ann İdalqo isə guya blokadada olan Xankəndiyə “humanitar yardım karvanı” göndərilməsi təşəbbüsü ilə çıxış edib. Erməni icmaları tərəfindən maliyyələşdirilən təxribat xarakterli “fransızsayağı sülh təşəbbüsü”nün məqsədi təbii ki, Xankəndidəki ermənilərin separatçı iddialarının daim gündəmdə saxlanılmasına xidmət edir. Azərbaycan dövləti onların bu məkrli planlarının həyata keçirilməsinin qarşısını qətiyyətlə alacaq”.

Ramiz Alıyev qeyd edib ki, avqustun 30-da günorta saatlarında Laçın yoluna çatacaq karvanı Ann İdalqo şəxsən müşayiət edəcək: “Ann İdalqo İrəvanın maraqlarına və sifarişlərinə uyğun addımlar atır. Çünki iyulun 26-da Ermənistan Qarabağa “humanitar yardım karvanı” göndərib. Azərbaycanla razılaşdırmadan ölkəmizə göndərilən karvan hələ də Laçın postunun qarşısında gözləməkdədirlər. İndi Fransanın bu təxribata qoşulması ölkəmizə qarşı təhdidlərin, təzyiqlərin xüsusi mərkəzlər tərəfindən hazırlandığını göstərir. “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Fransa “humanitar yardım” adı altında suverenliyimizə açıq hörmətsizlik edir. Mövcud olmayan ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biri olan Fransa rəsmi Bakının “Qarabağ münaqişəsi bitib” bəyanatını heç cür qəbul etmək istəmir. Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı açıq şəkildə bildirdi ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər. O da qeyd olundu ki, Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət edib, ancaq onların bundan da imtina ediblər”.

Ramiz Alıyev nəzərə çatdırıb ki, bu gün Parisin özünün kifayət qədər ciddi problemləri var: “Dünyanın ən gözəl şəhərlərindən olan Paris son illər ciddi şəkildə ekoloji çirklənməyə məruz qalıb. Bələdiyyə və mer institutunun yarıtmaz fəaliyyəti nəticəsində Fransa paytaxtında zibillərin günlərlə daşınmaması, kanalizasiya sistemin bərbad hala düşməsi deyəsən, Ann İdalqonu o qədər də narahat etmir. Onun müavinlərindən biri Anuş Toronyan Fransadakı erməni təşkilatlarının koordinasiya şurasının rəhbəri Ara Toronyanın qızıdır. Parisin meri hələ 2015-2018-ci illərdə Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla 4 dəfə görüşüb. O, Fransa ermənilərinin təşkil etdiyi tədbirlərdə iştirakı qaçırmır. Ann İdalqo “erməni soyqırımı” ilə bağlı sosial şəbəkələrdəki paylaşımları ilə də ad çıxarıb. Xanım mer Fransa hakimiyyətinin indiki ermənipərəst siyasətinin ən fəal ruporudur. Fransanın Ermənistana açıq dəstəyi, Paris şəhərinin Qarabağdakı qondarma qurumu tanıması heç bir nəticə verməyəcək. Bu gün Avropa dairələrində, beynəlxalq tribunalarda Türkiyə və Azərbaycan əleyhinə kampaniya aparan Fransa öz tarixi keçmişini unutmamalıdır. Əlcəzair, Vyetnam, Mərakeş, Cibuti, Çad, Qabon və Tunisdə milyonlarla dinc insanı qətlə yetirən Fransaya bu gün həmin ölkələrdə düşmən münasibəti bəslənilir. Yaxşı olardı ki, Fransa dövlətinin rəhbər şəxsləri, o cümlədən, xanım Ann İdalqo yeni təxribatlar, gərginliklər yaratmaq barədə deyil, öz ölkəsinin darmadağın olmuş imicini yaxşılaşdırmaq barədə düşünsün. Onun Qarabağdakı separatçı rejimə dəstəyi bumeranq effekti verəcək, Fransanı dünyadakı nüfuzuna daha bir xələl gətirəcək. Şübhə yoxdur ki, Ann İdalqonun fransızsayağı “humanitar təxribatı”nın qarşısı alınacaq. Onun Xankəndiyə göndərdiyi yük maşınları, ən yaxşı halda, Laçın keçid məntəqəsinin qarşısında gözləyən erməni tırlarının arxasında dayanaraq yolda tıxac yaradacaq. Bu da ermənilərin özünə problem yaradacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR